Mayın 20-də Bakı Küçə Fotoqrafiyası Festivalı çərçivəsində Azərbaycan Rəngkarlığı Muzeyində məşhur fransalı fotoqraf Jan-Mark Karaççinin “Homo Urbanus Europeanus” (“Avropalı şəhər adamı”) adlı fərdi fotosərgisi açılıb.

Sərgi Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən “Avropa günləri” çərçivəsində təşkil olunub.

Aİ nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas çıxış edərək deyib: “27 Avropa paytaxtı haqqında sərgi fərqlilikdən daha çox eyniliyə, avropaçılıqdan çox müxtəlifliyə önəm verməsini nümayiş etdirir. Bizdən “Biz kimik? Avropa nədir? Harada başlayır və bitir?” deyə soruşur. Jan-Mark Karaççinin “Homo Urbanus Europeanus” sərgisi, “Avropa günləri”ni mükəmməl formada qeyd edərək “Avropaya hə” fikrini çatdırır”.

“Homo Urbanus Europeanus” sərgisi şəhər fonunda çəkilmiş tənha simaları və ayrı-ayrı şəxsləri nümayiş etdirir. Sərginin müəllifi, fotoqraf-rəssam Jan-Mark Karaççi şəhər mənzərələrini sanki bir arxeoloqun müşahidə etmək, axtarmaq, qazmaq və müəyyən primitiv məkanları rekonstruksiya etmək səyləri kimi təsvir etmişdir. O, şəhər sakinlərini və onların ətrafını sanki hansısa bioloqun müəyyən hüceyrəni araşdırdığı kimi müşahidə edib.

“Homo Urbanus Europeanus” silsiləsinə daxil olan hər bir şəkil, öz dəqiq çərçivəsi və səliqəli üslubuna görə nümunəvi vətəndaş üçün himn kimi səslənir. Karaççinin dediyi kimi, “həmişə lazımi zamanda lazımi yerdə olan, incəliklə həkk olunmuş bu insan varlığı, bu siluet şəhərə gözlənilməz gözəllik və əzəmət verir.”

“Homo Urbanus Europeanus” layihəsinə 2007-ci ilin iyununda Bratislava şəhərində start verilib. İndiyə qədər bu layihə çərçivəsində 43 şəhərə səfər edilib. 2022-ci ildə Jan-Mark Karaççi Bakıya səfər etməyi və Azərbaycanın paytaxtını “Homo Urbanus Europeanus” silsiləsinə daxil etməyi planlaşdırır.

Kuratoru Fəxriyyə Məmmədova olan sərgi mayın 29-dək davam edəcək.