Xəbər verildiyi kimi, mayın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib. Mayın 20-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinlə görüşüb.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılmasına, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub. Həmçinin koronavirus infeksiyası ilə birgə mübarizə məsələləri nəzərdən keçirilib.

Mixail Mişustin Baş nazir Əli Əsədovdan Rusiya Prezidenti Vladimir Putinin, eləcə də özünün salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq bildirib ki, pandemiyaya rəğmən bu ilin yanvar-mart aylarında ikitərəfli əmtəə dövriyyəsini təxminən 3,5 faiz artırmaq mümkün olub ki, bu da 680 milyon dollar təşkil edir. Azərbaycanda Rusiya kapitalı ilə işləyən 1000-ə yaxın şirkət, birgə müəssisə fəaliyyət göstərir.

M.Mişustin İkinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan üçtərəfli Bəyanatın Cənubi Qafqazın kompleks şəkildə inkişafı üçün imkanlar açdığını diqqətə çatdırıb. Bildirib ki, iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat və kommunikasiyaların açılması, yeni infrastruktur marşrutlarının yaradılması region ölkələrinin maraqlarına cavab verir.

Baş nazir Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını M.Mişustinə çatdırıb. Vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr iki ölkə prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətləri sayəsində yüksək səviyyədədir. Azərbaycan Rusiyanın 80-dən çox subyekti ilə iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir. Ölkələrimiz arasında 230-dan çox hökumətlərarası və müəssisələrarası sənəd imzalanıb, altı “yol xəritəsi” həyata keçirilir.

Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti və hökuməti 44 günlük müharibə zamanı Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir, hərbi əməliyyatların yekununda imzalanmış üçtərəfli razılaşmanın bəndlərinin yerinə yetirilməsinə tərəfdardır.

Ə.Əsədov rusiyalı həmkarını Azərbaycana səfərə dəvət edib.

Danışıqların yekununda tərəflər arasında rabitə və informasiya texnologiyaları, baytarlıq, gömrük, qida təhlükəsizliyi, standartlaşdırma və əqli mülkiyyət sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

***

Mayın 20-də Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfər çərçivəsində Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda olub.

Əli Əsədov “Azərbaycan” pavilyonunda əsaslı bərpa və təmirdən sonra yaradılmış şəraitlə tanış olub.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin tarixi barədə məlumat verib. Bildirilib ki, “Azərbaycan” pavilyonu 2019-cu ilin noyabrında yenidən açılıb. Pavilyonun açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, milli-memarlıq üslubu saxlanılmaqla həyata keçirilib.

Hazırda burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlar sərgilənir. “Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir.