Azərbaycan ilə İtaliya arasında mədəni sahədə münasibətlər də strateji tərəfdaşlıq ruhuna uyğun inkişaf etməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2018-ci ildə İtaliyaya rəsmi səfəri, Fondun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirakı, 2019-cu ildə İtaliyada Azərbaycan filmləri festivalının keçirilməsi, 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan edilməsi bunu bir daha təsdiqləyir.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova bu sözləri mayın 19-da İtaliyaya rəsmi səfəri çərçivəsində Romada İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşündə deyib.

Roberto Fiko Azərbaycan nümayəndə heyətini salamlayaraq, ölkələrimizin əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirib, tərəflər arasında müzakirə edilməli mövzuların spektrinin geniş olduğunu deyib. Qarabağ münaqişəsinin başa çatmasından söz açan Roberto Fiko bölgədə sülhün davamlı olacağına inamını söyləyib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Azərbaycana dost və tərəfdaş olan İtaliyaya ilk səfərindən məmnunluğunu ifadə edib. Bildirib ki, bu səfərin bütün dünyanı bürüyən pandemiya dövründə baş tutması Azərbaycan ilə İtaliya arasındakı münasibətlərin yüksək səviyyədə inkişafından xəbər verir.

Milli Məclisin sədri bildirib ki, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin inkişafına yeni təkan verib. Xüsusilə 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkələrimiz arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan ilə İtaliyanın siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrinin inkişafının möhkəm hüquqi bazasını təşkil edir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir il kimi daxil olub. Ölkəmiz öz torpaqlarını Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edib. Milli Məclisin sədri Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə edən bütün italiyalı parlamentarilərə dərin təşəkkürünü bildirib.

Milli Məclisin sədrinin İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati ilə görüşündə də ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. M.Kasellati xüsusi olaraq iqtisadiyyat sahəsində əldə olunan nailiyyətləri təqdir edib. Azərbaycan tərəfindən həyata keçirilən layihələrin, xüsusilə TAP-ın əhəmiyyətini qeyd edən M.Kasellati bu layihəni Avropaya açılan qapı kimi qiymətləndirib.

İtaliya Senatının sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işləri alqışladığını bildirib. O, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, mədəniyyəti xalqlar arasında körpü kimi qiymətləndirib.

Sahibə Qafarova hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirərək, 2018-ci və 2020-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin dinamik inkişafında mühüm rolunu diqqətə çatdırıb.

Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio və digər rəsmilərlə də görüşüb.

***

Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 18-də Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib. “Villa Borghese” parkındakı abidənin önünə gül dəstəsi qoyulub.

Xatırladaq ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. 

2012-ci il aprelin 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə abidənin açılışı keçirilib. İtaliyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində Romada Nizaminin abidəsinin açılması iki ölkə arasında dostluq münasibətlərinə daha bir töhfə olub. Abidənin müəllifləri Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.