İstedadlı rəssam Ramin Allahverdiyevin yetirmələri də ilk sənət uğurlarını qazanırlar
Hər kəsin rəng haqqında təsəvvürü fərqlidir. Rəssamlarınsa rənglərə bir ayrı baxışı var. Biz rəngləri bir-birinə nəzərən fərqləndirməkdən dərinə gedə bilmirik. Təsviri sənət ustaları isə rəngləri mənalandırır, sanki hərəsini öz dilində “danışdırır”. Rəssam Ramin Allahverdiyev də taleyini bu ecazkar sənətə həsr edənlərdəndir.
1983-cü ildə Sumqayıt şəhərində anadan olan Ramin uşaq yaşlarından bu sənətə maraq göstərib. Orta məktəbin 9-cu sinfində oxuyarkən 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş respublika rəsm müsabiqəsində iştirak edərək 1-ci yerə layiq görülüb. Təsviri sənətə olan marağı onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına gətirir, 2000-2005-ci illərdə burada təhsil alır.
2013-cü ildən Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında tərtibatçı rəssam işləyən Ramin Allahverdiyev işə başladığı ilk günlərdən rayonun istedadlı yeniyetmə və gənclərini rəsm kurslarına cəlb edərək Şurabad qəsəbə Sənətkarlıq evində onlara dərs deyib. Onun təşəbbüsü qısa müddətdə öz bəhrəsini verib. Yetirmələrindən İlkin Əliyev, Fatimə Həşimova və Fidan Babayeva bölgədə keçirilən rəsm müsabiqələrində dəfələrlə mükafatlara layiq görülüblər. F.Həşimova bu ilin aprelində Təhsil Nazirliyi 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dəstəyi ilə təşkil olunmuş “Biz Zəfər qazandıq” adlı respublika onlayn rəsm müsabiqə-sərgisində respublika üzrə I yerə layiq görülüb.
Rəssam Xızı rayonunda və kəndlərində yaşayan şagirdləri Mərkəzi kitabxanaya cəlb edərək onların iştirakı ilə tanınmış şair və yazıçıların həyat və yaradıcılığına həsr olunan kompozisiyalar işləyir, plakatlar hazırlayırlar.
Ramin Allahverdiyev eyni zamanda saatların əsasında hazırlanmış milli mövzularda suvenirlər də ərsəyə gətirir: “Bu cür suvenirlər əsasən taxta, dekorativ şüşələr və gildən hazırlanır. Öncə onların üzərinə akril boya ilə milli naxışlar çəkilir. Daha sonra müxtəlif formalarda kəsilir və yapışqanla bərkidilir. Suvenirləri hazırlamaqda əsas məqsədim ölkəmizə gələn xarici qonaqlara milli dəyərlərimizi təbliğ etməkdir”.
Həmsöhbətim bildirir ki, 2015-ci ildə Xızı rayon Heydər Əliyev Mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev onun mərkəzdə nümayiş etdirilən 50-dən çox əl işi ilə tanış olub.
Onun layihəsi əsasında 2019-cu ildə Azərbaycan Rəssamlar İttifaqında 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə “Hər bir şəhid bizim ailəmizdəndir” adlı uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan sərgidə 20-dən çox uşağın müxtəlif üslublarda işlədiyi 250-yə yaxın əl işi nümayiş olunub. Rəssam bildirir ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan, Vətən naminə canlarından keçən şəhidlərimizi hər zaman anmaq, əziz xatirəsini uca tutmaq hər birimizin vətəndaşlıq borcudur: “Mən istəyirəm ki, valideynlər övladlarını əlamətdar günlərdə əyləncə mərkəzlərindən öncə Şəhidlər xiyabanına aparsınlar. Hər bir ailə şəhid uşaqlarını ziyarət etsin”.
Ramin Allahverdiyevin 2018 və 2020-ci illərdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində sərgiləri keçirilib. Sərgilərdə 200-dən çox əl işi nümayiş olunub.
Gələcək planları barədə də məlumat verən rəssam bildirdi ki, ən böyük hədəfi şagirdlərini gələcəkdə mədəniyyətimizin paytaxtı Şuşa şəhərində təşkil olunacaq beynəlxalq mədəniyyətlər festivalına yüksək səviyyədə hazırlamaqdır: “Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin təşkil edəcəyi respublika sərgilərində ən yüksək nəticələri qazanmaq üçün çalışacağıq. Pandemiya bitəndən sonra şagirdlərimi türkdilli xalqların beynəlxalq sərgilərinə, həmçinin Avropa və dünya sərgilərinə yetişdirərək onların ən yüksək uğurlara imza atmaları üçün əlimdən gələni edəcəyəm”.
Biz də rəssama sənət yollarında yeni yaradıcılıq uğurları arzulayırıq.
NURƏDDİN