“Nizami əsərlərinin günümüzə gəlib çıxan ən mükəmməl əlyazma nüsxələri Nəvainin tapşırığı ilə hazırlanmışdır”

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Mütəxəssislərin fikrincə, Azərbaycan xalqı dünya mədəniyyəti xəzinəsinə heç bir töhfə verməsəydi belə, bircə Nizami fenomeni kifayət edərdi ki, bu xalq dünyanın sivil xalqları sırasında özünə möhtəşəm bir mövqe qazansın.

Nizaminin bəşəri ideyaları, insanlığa humanist münasibəti, fəlsəfi fikir zənginliyi bu gün də dünyanın diqqət mərkəzindədir. Mütəfəkkir şairin irsinin ən çox təqdim edildiyi xalq və dövlətlərdən söz açılarkən Özbəkistanın adını xüsusi vurğulamaq lazım gəlir. Nizami ənənələrinin layiqli davamçılarından olan Əlişir Nəvainin vətənində dahi söz ustadına dərin hörmət və rəğbət bəslənilir. Əbəs deyil ki, hazırda Özbəkistanın ən böyük və nüfuzlu təhsil ocaqlarından biri olan Daşkənd Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adını daşıyır. Müsahibimiz həmin universitetin məzunu, Nəvai adına Daşkənd Dövlət Universitetində Özbək dili kafedrasının dosenti, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Gülbahar Aşurovadır.

 

– Gülbahar xanım, qəzetimizə onlayn müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. İstərdim ki, söhbətimizin əvvəlində çalışdığınız təhsil ocağının tarixinə qısa səyahət edək.

– İlk növbədə mən müsahibəyə görə sizə minnətdarlığımı bildirir və Azərbaycandakı bacı və qardaşlarımıza sevgilərimi çatdırmağı xahiş edirəm. Universitetin tarixinə gəlincə isə 1935-ci ildə Orta Asiya Dövlət Universitetinin bazası əsasında Daşkənd Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. 1947-ci ildə instituta dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilmişdir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun iştirakı ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısındakı meydanda dahi Nizaminin büstünün açılışı olmuşdur. Universitetin bazasında 2008-ci ildə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti yaradılmışdır. 

 

– Bütün türkdilli xalqların şairi hesab edilən Nizaminin yaradıcılığı bu gün Özbəkistanda necə təbliğ edilir?

– XXI əsrdə Nizami Gəncəvi ədəbi mirasının əhəmiyyəti haqqında danışarkən qeyd etmək istərdim ki, Nizami nəinki Şərq dünyasında söz sənətinin böyük nümayəndəsidir, onun “Xəmsə”si bütün dünya ədəbi-mədəni xəzinəsinin incisidir. Nizamiyə yüksək ehtiramını ifadə edən alman ədibi Höte onu “bütün zamanların və xalqların şairi” kimi səciyyələndirmişdir. Nizami haqlı olaraq Şərq və Qərb poeziyasının dahisidir.

O, Yaxın və Orta Şərqin təfəkkür tarixində özünəməxsus məktəb yaratdı. Bu məktəb türk xalqları ədəbiyyatına təsirsiz ötüşməmişdir.

 

– Nəvai yaradıcılığında Nizami izləri. Bu, hər iki ölkənin ədəbiyyatşünasları tərəfindən etiraf edilən həqiqətdir.

– Nizami mirasının Nəvai yaradıcılığına təsiri o dərəcədə güclü olmuşdur ki, bu güc nəticəsində Nəvai yaradıcılığına sanki bir nəfəs vermişdir. Nəvai epik şeirin ustadı Nizami ənənələri ilə tərbiyələnən, Azərbaycan ədəbiyyatı ilə bağlı olan şairlərdən idi. Nizami əsərlərinin günümüzə gəlib çıxan ən mükəmməl, olduqca gözəl xətlə yazılmış nüsxələri məhz Nəvai dövrünə aiddir, daha doğrusu, birbaşa Nəvainin tapşırığı ilə hazırlanmışdır. Bütün bunlardan əlavə, Orta Asiya söz sənətkarlarının Nizami yaradıcılığı ilə əsrlər boyu davam edən ədəbi əlaqələrini təsdiqləyən başqa bir çox əlyazmalar da Nəvainin əlində – onun kitabxanasında olmuş, həmin dövrün məhsulu kimi bu günə qədər gəlib çatmışdır. Nizami irsinin özbək ədəbiyyatına təsiri əsrlərlə davam edərək onu zənginləşdirmişdir.

Nizami və Nəvai xalqlarımız arasında dostluq və ədəbi əlaqələrin ən mühüm halqasıdır. Bu mütəfəkkir şairlərin əsərlərindəki ideyalar bu gün özbək və Azərbaycan xalqlarının dostluğunun tərkib hissəsi olmuşdur. Xarəzm şahzadəsi Nazpəri surətinin bədii tərənnümü təsdiqləyir ki, şair özbək xalqının tarixini, etnoqrafiyasını, adət-ənənəsini, mədəniyyətini, coğrafiyasını gözəl bilirmiş. Özbəkistanda müxtəlif zamanlarda elmi mənbələrdə – kitab və toplularda, qəzet və dərgilərdə Nizami yaradıcılığı, onun ayrı-ayrı əsərləri haqqında elmi-tənqidi məqalələr, araşdırmalar nəşr olunmuşdur və hazırda bu proses davam etməkdədir.

2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi və həmçinin Özbəkistanda Əlişir Nəvainin anadan olmasının 580 illiyinin keçirilməsinə aid sərəncamların imzalanması heç də təsadüfi deyil. Nizami Gəncəvi özbək xalqının yüksək sevgi və ehtiramını qazanmış dahi mütəfəkkir olmaqla yanaşı, bizim dostluq münasibətlərimizin bağlılıq timsalıdır.

 

– Bəs xalq arasında Nizami yaradıcılığına münasibət necədir?

– Nizaminin “Xəmsə”si özbək ədəbiyyatşünaslığında xüsusi yer tutur. Şairin dərin, fəlsəfi yaradıcılığı bu gün də bizim alimlər tərəfindən böyük maraq və sevgi ilə öyrənilir. Bu gün Nizami “Xəmsə”sinin tam şəkildə özbək dilinə tərcümə edilərək Özbəkistanda çap olunması şairin yaradıcılığının tədqiqi tarixinə əvəzsiz bir töhfədir. Nizaminin özbək oxucusuna öz ana dilində tanıdılmasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolu oldu. Nizami “Xəmsə”sinin ən mükəmməl tərcüməsi Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən həyata keçirilib. Bu tərcümə özbək oxucuları tərəfindən böyük maraqla qarşılanıb. Onu da vurğulamaq istərdim ki, bu tərcümə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovun Camal Kamalla 2015-ci ildə imzaladığı müqavilə əsasında reallaşmışdı. Fəxrlə deyirəm ki, bu tərcümənin redaktoru olmaq mənim üçün böyük şərəf idi.

 

– Özbəkistanın kitabxana və arxivlərində Nizamiyə dair əlyazmalar varmı?

– Nizami əsərlərinin əlyazmaları Orta Asiyada, xüsusən də Özbəkistanda özünəməxsus tərzdə araşdırılır. Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda Nizami əsərlərinin əlyazmaları saxlanılır. Bu gün mətnşünas tədqiqatçılar bu əlyazmaların tədqiqi ilə məşğuldurlar. Onu da vurğulamaq istərdim ki, Özbəkistan və Azərbaycan prezidentləri arasında dostluq münasibətləri ədəbi əlaqələrə də təsirsiz ötüşmür. Mədəni-ədəbi əlaqələrdə müsbət nəticələr buna bir daha sübutdur. Bu əlaqələr bütün Şərq ölkələri üçün nümunə olmalıdır. Həmçinin ədəbi əlaqələrimizin tarixi və bu gününün tədqiqi böyük əhəmiyyət kəsb edir. Daşkənddəki Nizami Gəncəvinin büstünə özbək xalqının ehtiramı həm də Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti, əsrləri aşan iradəsinə hörmətinin rəmzidir. Bakıda Əlişir Nəvainin heykəlinin ucaldılması isə Azərbaycan xalqının özbək xalqına ehtiramının nümunəsidir. Nizami dünyanın beynəlmiləl şairidir. Nəvai ustad deyə baş əydiyi N.Gəncəvinin “Xəmsə”sinin təsiri ilə ilk dəfə cığatay türkcəsində “Xəmsə” yaradaraq həm də türk ədəbi dilinin inqilabçısı kimi adını tarixə həkk etdirmişdir. Yeri gəlmişkən, Azərbaycan – özbək ədəbi əlaqələrində, xüsusən də Nizami və Nəvai ilə bağlı tədqiqatlarda həmkarım Almaz Ülvi Binnətovanın əməyini xüsusi vurğulamaq istərdim.

 

– “Nizami ili” ilə əlaqədar iki ölkənin elm və təhsil qurumlarının birgə layihələri  nəzərdə tutulurmu?

– Yaxın zamanlarda yubiley çərçivəsində Nəvai adına Daşkənd Dövlət Universitetində “Nizami Gəncəvi türk xalqlarının böyük zirvəsi” adlı beynəlxalq konfrans keçirməyi planlaşdırırıq. Nizami irsi Azərbaycan ədəbiyyatşünasları tərəfindən nə dərəcədə öyrənilirsə, özbək tədqiqatçıları da bir o qədər önəmli şəkildə bu mövzuda həssaslıq göstərirlər.

Lalə AZƏRİ