“ARTIM”ın yeni sərgisi həqiqət və illüziyanın ahəngini göstərir

Bakıdakı “ARTIM” layihə məkanında öz adını Nizami Gəncəvinin şeirindən götürən “Yüyürmə! Gördüyün yalnız sərabdır...” sərgisi açılıb. Sərginin adı və mövzusu məni də çox düşündürdü. Elə bu düşüncələrlə fotoqrafımızla üz tutduq sərgi məkanına. Qədim İçərişəhərin dolanbac küçələrindən keçib tam müasir bir məkana daxil olduq.

Bələdçi xanım “YARAT” Müasir İncəsənət Məkanının “ARTIM Flux” layihəsi çərçivəsində təşkil olunan ikinci qrup sərgisi ilə bizi tanış edir. Onunla söhbət edə-edə sərgi salonunun birinci və ikinci mərtəbəsində rəssamların işləri ilə tanış oluruq.

İlk növbədə qeyd edək ki, “ARTIM Flux” layihəsi yaradıcı şəxslərin spesifik layihələrinin həyata keçirilməsində dəstək göstərən platformadır. Bu layihələr dəyişiklik və transformasiya məqamlarını araşdırmaqla, statik sərgi konsepsiyasını sual altına qoyan iştirakçı və əməkdaşlıq yanaşmasını təmin edir. Başlıca məqsəd eksperimentlərin aparılması prosesinin sərgi atmosferi ilə birgə, yaradıcılıq vasitəsilə artan və inkişaf edən canlı orqanizm kimi təqdim edilməsidir.

 

Xəyal və fantaziya

 

Sərgi bütünlüklə müəlliflərin xəyal və fantaziya durumunu əks etdirir. Rəssamlar yuxular, yaddaş və illüziya, kölgə və işıq, həqiqət və onun qavrayışı, qorxu və ümid kimi mövzulara müraciət ediblər. Məkanda Aqil Abdullayev, Nərgiz Əsgərova, Katerina Bortsova, Ruslan Quliyev, Adam Pançuk, Lena Skripkina və Yelizaveta Zaliyevanın əsərləri təqdim olunur. İlk baxışdan hiss olunur ki, rəssamlar çətin dərk olunan reallıqla bağlı müxtəlif yanaşmaları tədqiq edən əsərlərini bir araya gətiriblər.

Kollektiv sərgi bu həqiqəti daha dərindən görmək üçün belə bir sual ortaya qoyur: görəsən, gördüyümüz reallıq kölgələr kimi duyula bilməyən qaranlıqdır, yoxsa onun digər tərəfi də var? Qrup sərgisi eyni zamanda rəssamların müxtəlif yanaşmaları, hekayələri və düşüncələri kontekstində reallığın qeyri-sabit mahiyyətinin həm fərdi, həm də kollektiv surətdə qavranılmasını araşdırır. Onlar yaxın dövrdə baş verən dəyişiklikləri həm qlobal, həm də lokal səviyyədə, kollektiv “çaşqınlıq dilemması”nın səbəbi kimi nəzərdən keçirir.

Bələdçimiz sərginin adının Nizami yaradıcılığından götürüldüyünü deyir. Qeyd edək ki, “sərab” sözü farscadan tərcümədə ilğım mənasındadır. Sərginin təşkilatçıları üfüqdə parıltını xatırladan, öz obrazını sürətlə dəyişən, həm dənizdə, həm də quruda görünən, adətən dənizçilərin gözünə möcüzəli qəsr kimi peyda olan “Fata Morqana” fenomenindən ilhamlanıblar.

 

Bizi əhatə edən aləmə daha dərindən baxmaq...

 

Sərgilənən əsərlərlə bir-bir tanış oluram. Aqil Abdullayevin “Müttəfiqlər göyqurşağı sancağı taxırlar” adlı iki hissədən ibarət qısametrajlı film dörd dostun dialoqlarını əhatə edir. Müəllif hadisələri sinfi imtiyaz əsaslı postfuturizm (gələcək sonrası) ilə əlaqələndirir. O, həmçinin yerli cəmiyyətin sosial və mədəni kodlarına istinad etməyə çalışır.

“Geya” əsərində Nərgiz Əsgərova nanoart nümunələri ilə gündəlik qarşılaşdığımız, lakin sürətlə dəyişən, qloballaşan dünyamızda nəzərdən qaçırdığımız təbiət obyektlərinin xırda detallarını böyüdür. Rəssam bizi bir daha ətraf aləmə nəzər salmağa və onun səthi üzərindən görünməyən möcüzəli nanodünyanı görməyə dəvət edir.

Katerina Bortsova isə dəyişkənliklər və transformasiyalar anlayışını araşdırır. Onun əsərində olan xəritə dövri transformasiyalar vasitəsilə keçmiş və indiki zaman arasında fasiləsiz əlaqəni təsvir edir. Bu məqamda isə rəssamın şəxsi düşüncələrini də qeyd etmək yerinə düşər. Təəssüratlarını bizimlə bölüşən müəllif deyir ki, nanoartla beş ildən artıqdır məşğul olur. Artıq ikinci sərgidir ki, bu mövzuda əsərlə iştirak edir. Sərginin fərqliliyi qrup və beynəlxalq layihə olmasıdır: “Layihənin konsepsiyası ilə mənim yaradıcılıq prinsiplərim bir-biri ilə səsləşir. Kölgələr, görmədiyimiz gözəlliklər və reallıqların ilğımını görməyə çalışırıq. Mənim nanoart işlərimdə məqsəd odur ki, gözlə görə bilmədiyimiz və hər gün görüb toxunduğumuz, yanından keçdiyimiz, bizi əhatə edən aləmə daha yaxından baxmaq və insanlara nemətlərin fərqinə varmaq şansını yaratmaqdır. Bu imkanları nanoartla inkişaf etdirməyə çalışıram. Bu istiqamət Azərbaycanda yenidir və bu sərgidə də nanoart ilk dəfə təqdim olunur. Belə bir sərginin təşkili müasir sənəti daha çox tanıtmaq imkanı yaradır”.

Ruslan Quliyev “Adsız” heykəllər silsiləsini yaradarkən görkəmli rus yazıçısı Fyodor Dostoyevskinin “Bəyaz gecələr” əsərindən ilhamlanıb. Bu silsilə həyatın mənasını axtarmaqla, deyilməyən, görünməyən və hətta düşünülməyən, bununla da xəyali dünya haqqında gizli arzulardan bəhs edir.

Adam Pançukun “Parlaq gecə” adlı fotolayihəsi rəssamın keçmiş Sovet İttifaqı ölkələrinə səyahətini və xalqların ən gizli yuxularını əks etdirir. Lena Skripkinanın “Platonun mağarası” videomeppinqi bilavasitə Platonun “Mağara alleqoriyası”na istinad edir. İnstalyasiya mağaraya qərq olma mifoloji sxemini təmsil edən üç dünyanı əks etdirir və obyekt, illüziya portreti və yaddaş ilə toqquşma vasitəsilə həqiqi reallığı dərketməimkanı yaradır. L.Skripkinanın digər əsəri “Əsrarəngiz meşə” adlı videoinstalyasiyası isə tanınmış İsveçrə alimi Karl Yunqun nəzəriyyəsini və Orta əsrlər ədəbiyyatının motivlərinə əsasən Müqəddəs Qraalı axtaran Kral Arturun cəngavərləri haqqında əfsanəni işıqlandırır.

Yelizaveta Zaliyevanın “Yol.Lacivərd” əsəri dualizm haqqında instalyasiyadır. İkili vizual obrazlar vasitəsilə rəssam həyatın incəliyini və təməl prinsiplərinin axtarışını, istiqamətlərin illüziyasını, müdafiə və oyunun vacibliyini təqdim edir.

 

***

 

Bütün zamanların dəyişməyən bir qanunu var: sənət əbədidir və hər zaman düşündürür. Sərgidən qarışıq duyğularla ayrılırıq. İnsanlar xəyal qurmağı sevir. Elə insanlar da var ki, bu xəyalları həqiqətə çevirib bir hədəfə çata bilirlər. Bu cür insanlar qarşısındakı maneələri dəf etməyə qadirlərdir. Sərgidə əsərləri təqdim olunan rəssamlar da bu maneələri dəf edərək sərabın o tayında baş verənləri bizlərə nümayiş etdirmək qabiliyyətinə malik xəyalpərəstlərdir.

“Yüyürmə! Gördüyün yalnız sərabdır...” sərgisi avqustun 20-dək sənətsevərlərin yolunu gözləyir.

Lalə AZƏRİ
Foto: Həbib HÜSEYNOV