Mayın 18-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün (1881–1938) 140 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
“Mustafa Kamal Atatürk – türk dünyasının böyük öndəri” mövzusunda konfransı açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu, keçirilən elmi toplantının da bu dostluğun, qardaşlığın bir nümunəsi olduğunu deyib. Mustafa Kamal Atatürkü türk xalqının 1919-cu ildə başlanan İstiqlal savaşının ən böyük qəhrəmanı adlandıran akademik onun həm də dövlətin ideoloji əsasını qurduğunu, Türkiyənin Atatürkün yolu ilə gedərək dünya dövlətləri arasında layiqli yerini tutduğunu bildirib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Nihat Böyükbaş Anadoludan bir çox türk liderinin çıxdığını və onların qazandıqları uğurun həm də milli ruhda yetişib-böyümələri ilə bağlı olduğunu qeyd edib. O, Atatürkün məhz bu cür mühitdə, mədəniyyətdə yetişən məsləkdaşları ətrafına yığaraq Türkiyə Cümhuriyyətini qurduğunu söyləyib. Diplomat konfransı yüksək dəyərləndirərək təşkilatçılara təşəkkürünü bildirib.
Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafında alimlərin rolundan danışıb. İnstitutda türkoloji tədqiqatlara böyük önəm verildiyini deyən akademik Orta əsrlər Türkiyə tarixi məsələləri ilə əlaqədar Səlcuqilər dövrü, Bəyliklər dövrü və Osmanlı İmperiyası dövrü Anadolu tarixinin müxtəlif aspektlərinin öyrənilməsi sahəsində önəmli nəticələrin əldə edildiyini bildirib. İnstitutun direktoru Azərbaycanın və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün mühüm mənbə olaraq Osmanlı təhrir dəftərlərinin xüsusi əhəmiyyətini diqqətə çatdıraraq, bu sahədə görülən işlərdən danışıb və Qarabağ tarixinə aid Osmanlı sənədlərinin tərcüməsi və nəşrə hazırlanmasını xüsusi qeyd edib.
Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev “Dünya və türk tarixində Mustafa Kamal Atatürkün yeri” mövzusunda məruzə edib. Alim qeyd edib ki, Atatürk şəxsiyyətinin əzəməti sadəcə Türkiyə tarixi ilə məhdudlaşmır. Atatürk XX əsr dünya tarixinin yetişdirdiyi ən böyük siyasi, hərbi və dövlət xadimlərinin sırasında durur.
Konfransda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Azərbaycan hakimiyyətinin Türkiyə milli azadlıq hərəkatına münasibəti”, Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşlarından Hüseyn Günəşli “Atatürk və Türkiyədə milli azadlıq hərəkatı”, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “Atatürkün hüquqi dövlət quruculuğu və iqtisadi islahatları”, Mirzə Ənsərli “Türkiyə Respublikasının güc strukturlarının formalaşması sahəsində Atatürkün fəaliyyəti” mövzularında məruzə ediblər.