Dünyada yayın ən qızmar keçdiyi ölkələrdən olan Qətərdə hökumət strukturlarının təklifi ilə asfalt mavi rəngə boyanır.
Günəşin təsiri altında qara asfalt çox qızır. Asfalt örtüyünün temperaturu ətraf mühitin temperaturundan orta hesabla 20-25 dərəcə yüksək olur. Digər tərəfdən, yayda daimi istilik yol səthinin pozulmasını sürətləndirir. Asfalt keyfiyyətini itirir və avtomobillərin hərəkəti üçün təhlükəli ola bilər.
İndi Qətər bu problemi mavi boyanın köməyi ilə həll etməyə çalışır. Hazırda yollar yalnız təcrübə kimi boyanır. Bunun üçün Doha şəhərində Abdullah bin Jasem adına bir küçə seçilərək mavi rəngə boyanıb. Asfaltın istiliyi 1,5 il müddətində müşahidə olunacaq. Əgər mavi boya günəşdəki istiliyin 15-20 dərəcə aşağı düşməsinə kömək edəcəksə, onda bu texnologiya bütün ölkədə istifadə olunmağa başlayacaq.
Qeyd edək ki, Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yayın bu ölkədə qızmar keçməsi səbəbindən çempionat payız mövsümündə təşkil olunacaq.