Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) koronavirus əleyhinə peyvənd olunan sərnişinlər üçün məhdudiyyətləri yumşaldan və ya tamamilə ləğv edən ölkələrin sayında artımın olmasını alqışlayıb.
İATA-nın hesabatında bildirilir ki, artıq 20-dən çox ölkədə bu cür addımlar atılıb. Peyvəndləmənin mümkün olmadığı hallarda, bunun müvafiq COVİD-19 testi vasitəsilə təmin edilməsi tövsiyə edilib.
Assosiasiya tərəfindən aparılan sosioloji araşdırmaya görə, beynəlxalq uçuşlarda sərnişinlərin 81 faizi səyahət etmək üçün peyvənd olunmaq istədiklərini ifadə ediblər. Eyni zamanda respondentlərin 74 faizi bütün peyvənd olunan insanların məhdudiyyət olmadan səyahət etmələrinin zəruriliyini qeyd ediblər.
Hazırda xaricə səyahət etmək üçün “vaksin pasportu” məsələsi bir çox ölkələrdə müzakirə mövzusudur. Rumıniya peyvəndləməni təsdiq edən QR kodu olan “yaşıl pasportu” tətbiq etməyə hazırlaşır. Pasport Avropa İttifaqı ərazisində sərbəst hərəkət etməyə yardım edəcək. Hazırda Aİ-yə üzv 18 ölkə ümumi platforma üzərində işləyir. “Yaşıl pasport” vətəndaşın peyvənd olunduğunu, onun yaxınlarda mənfi koronavirus cavabını aldığını və ya artıq koronavirusa yoluxub xəstəliyi keçirdiyi barədə məlumat verəcək.
Bu arada BMT-nin Dünya Turizm Təşkilatı pandemiyanın sektora vurduğu zərərlə bağlı yeni rəqəmləri açıqlayıb. DTT-nin prezidenti Zurab Pololikaşvili bildirib ki, 2020-ci ildə dünya üzrə turist səfərləri 2019-cu illə müqayisədə 74 faiz (1 milyard səfər) azalıb. Həmçinin pandemiya səbəbindən dünya üzrə turizm sektorunda 120 milyona yaxın insan işini itirib.
Zurab Pololikaşvili qeyd edib ki, 2021-ci ildə dünya üzrə turist səfər sayının 22-55 faiz artması (2020-ci ilə nisbətən) gözlənilir. Ümumilikdə isə dünya turizminin pandemiyadan öncəki səviyyəsini bərpa etməsi üçün 4 il lazım olacaq.