2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamının icrası ilə tədbirlər planına əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir sıra layihələr həyata keçirir.
Dünya mədəniyyət tarixinin zənginliyi sonsuz bir ümmanı xatırladır. Bu ümman insan zəkasının bəhrəsi olan nadir elm, fəlsəfə və sənət inciləri ilə dolu zəngin xəzinədir. İnsanlığın dərin ehtiram və məhəbbətlə qoruyub saxladığı və yaşatdığı mədəniyyət xəzinəsində Azərbaycan fəlsəfi poeziyasının ən görkəmli nümayəndəsi, Şərqi və Qərbi əsrlər boyu məftun etmiş Nizami Gəncəvinin yaradıcılığı xüsusi yer tutur. Nizami Gəncəvi humanist, mütəfəkkir şair kimi şöhrət qazanmış, əsərləri dünya bədii söz xəzinəsinin incisi kimi sənət sərraflarının diqqətini cəlb etmişdir. Nizami Gəncəvi əsərlərində qaldırdığı bəşəri ideyalarla bir-birini əvəz edən bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir. Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmandır. Mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan bu poeziyada insan yerlərin və göylərin sirlərini öyrənməyə, dərk etməyə həyatını öyrəndiklərinə uyğun qurmağa çalışan fəal bir şəxsiyyətdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası təşkilatçılığı iləAzərbaycan və dünya ədəbiyyat xəzinəsinə dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı onlayn festival keçiriləcək.
Festival 2021-ci il 6–10 dekabr tarixlərində gerçəkləşəcək.
Respublika Uşaq Kitabxanası 7-17 yaş arası uşaq və yeniyetmələri festivalda iştirak etməyə dəvət edir.
Festival çərçivəsində:
6 dekabrda “Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü,
7 dekabrda “Şairlər ustadı böyük Nizami” adlı şeir günü,
8 dekabrda “Nizami və musiqi dünyası” adlı musiqi günü,
9 dekabrda “Söz mülkünün ustadı” adlı ailəvi onlayn viktorina
10 dekabrda “Söz sənəti mülkünun sultanı” adlı elmi konfras keçiriləcəkdir.
İştirak etmək istəyənlər rəsmləri, şeir parçaları və musiqi ifalarını video təqdimat formatında dekabr ayının 1-dək Respublika Uşaq Kitabxanasının elektron ünvanına (clb.az) göndərməlidir.
Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının təbliğ edilməsi, həmçinin, mütəfəkkir şairin sənətinin bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.
Festivalın şərtləri ilə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:
https://www.clb.az/dnyada-sz-olmasa-ny-grk-dnc-adl-onlayn-festival_d3171.html