Müsabiqə qalibləri qabiliyyətlərini canlı olaraq nümayiş etdiriblər 

Mayın 25-də “Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı çərçivəsində elan edilmiş müsabiqənin 16-21 yaş kateqoriyası üzrə seçilən müəllifləri üçün Xətai Sənət Mərkəzində plener keçirilib.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbiri açaraq iştirakçıları salamlayıb, plenerin əhəmiyyətindən danışıb.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Vətən müharibəsində rəşadətli Ordumuzun Qələbəsindən danışaraq rayonda təşkil olunan mədəni tədbirlər barədə söz açıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Elçin Hüseynli, Xətai rayon Uşaq rəsm yaradıcılıq studiyasının müəllimi Əbdül Şərif uşaqlar və yeniyetmələr üçün keçirilən bu kimi tədbirlərin gənc nəslin yaradıcılığının inkişafına təkan verdiyini bildirib.

Sonra plenerin və festivalın müvafiq yaş kateqoriyası üzrə qalibləri mükafatlandırılıb. Eşqin Quliyev (Qazax Dövlət Rəsm Qalereyası) I, Aytən Məmmədova (özfəaliyyət) II, Nərgiz İbrahimzadə (Məktəb-lisey kompleksi, Bakı şəhəri) III yerə layiq görülüblər. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, festival çərçivəsində elan edilən müsabiqədə 150-dən çox məktəb, yaradıcılıq mərkəzi və dərnək təmsil olunub. 1500-ə yaxın yeniyetmə və gəncin təqdim etdiyi 2000-dən çox əl işinin arasından sərgilənmək üçün 500-ə yaxını seçilib. Onlardan 3 yaş kateqoriyası üzrə ən yaxşı 30 əsərin müəllifi festivala dəvət alıb. Qeyd edək ki, üç gün davam edən plenerdə həmin müəlliflər iştirak edib.

Yuxarı yaş kateqoriyasından sonra mayın 26-da plener çərçivəsində 11-16 yaş arası uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər.

Sonda qaliblər müəyyənləşib: I yer – Tamilla Əliyeva (Qobu qəsəbəsi Uşaq incəsənət məktəbi); II yer – Səidə Qəribova (313 nömrəli orta məktəb, Bakı); III yer – Arzu Sadıqova (Qobu qəsəbəsi Uşaq-gənclər yaradıcılıq mərkəzi).

Müsabiqənin ən balaca iştirakçıları (11 yaşa qədər) isə 27 mayda keçirilən plenerdə əl qabiliyyətlərini göstəriblər.

Plenerin və festivalın bu yaş kateqoriyası üzrə qalibləri də müəyyənləşib: I yer – Leyla Aydınlı (245 nömrəli məktəb, Bakı); II yer – Mehri Abbasova (Azerbaijan British College); III yer – Zəhra Mehdiyeva (179 nömrəli məktəb, Bakı).

Hər bir iştirakçıya diplomlar təqdim olunub. Mərasim musiqi sədaları altında başa çatıb.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi “Azərbaycanım” festivalı bu dəfə 2021-ci ildə “Nizami Gəncəvi İli”nə həsr olunub.

Festivalın məqsədi rəssamlıq istedadına malik olan uşaq, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaqdır.