Qoşulmama Hərəkatına üzv ölkələr mədəni sərvətlərin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin, eləcə də UNESCO-nun 1970-ci il Konvensiyasının önəmini vurğulayaraq, mədəni sərvətlərin ticarəti ilə mübarizə aparmaq üçün beynəlxalq hüquq mühafizə əməkdaşlığını, xüsusilə daha səmərəli şəkildə fəaliyyət üçün məlumat və təcrübə mübadiləsini vacib sayır.

Bu fikirlər Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun adından yayılan bəyanatda qeyd olunub. Qoşulmama Hərəkatının bəyanatını ölkəmizin UNESCO yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qurumun qərargahında, 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı toplantısında səsləndirib.

Bəyanatda Qoşulmama Hərəkatına üzv dövlətlər müvafiq beynəlxalq müqavilələr, xüsusilə də 1970-ci il Konvensiyası və oğurlanmış və ya qanunsuz ixrac edilmiş mədəni sərvətlərə dair 1995-ci il UNİDRUA Konvensiyasının səmərəli şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayır.

Qoşulmama Hərəkatına üzv dövlətlər UNESCO-nun bütün üzvlərini mədəni mülkiyyətin qaytarılması ilə əlaqəli bütün məsələlərdə vicdanlı dialoqa dəvət edir. Bu mövzuda Qoşulmama Hərəkatı mədəni mülkiyyətin mənşə ölkələrinə qaytarılmasını və ya qanunsuz mənimsənilməsi halında geri qaytarılmasını təşviq edən Hökumətlərarası Komitənin (İCPRCP) oynaya biləcəyi rolu xüsusi qeyd edir. “Qoşulmama Hərəkatı UNESCO-nu müvafiq standart mexanizmlərin tətbiqinin təmin edilməsində və qlobal dialoq üçün platformaların yaradılmasında səylərini artırmağa çağırır”, – deyə E.Abdullayev qeyd edib.