Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı və Sovet İttifaqı Qəhrəmanı adlarına layiq görülən, Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəxslərin adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək. Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq.

Bu, mayın 27-də Milli Məclisdə üçüncü oxunuşda qəbul olunan “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Bundan əlavə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı və Sovet İttifaqı Qəhrəmanı adını almış şəxslərin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.