2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev mayın 26-da Bakı Musiqi Akademiyasının 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı Musiqi Akademiyası müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlayıb. Hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçib, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib. Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır.

Sərəncamda Azərbaycan musiqi mədəniyyətinin inkişafında və professional musiqiçi kadrların yetişməsində mühüm rol oynamış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Təhsil Nazirliyinə Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.