Biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar.

Prezident İlham Əliyev bu sözləri mayın 27-də Türkiyənin milli təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik: “Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir”.

Prezident qeyd edib ki, ölkəmizdə indi yeni dövr başlayıb: “İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm. Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır”.

Hazırda Azərbaycanda təhsil sahəsində də ciddi islahatlar aparıldığını deyən İlham Əliyev bildirib ki, Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Eyni zamanda Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir: “Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir”.

Türkiyənin milli təhsil naziri Ziya Selçuk qəbula görə təşəkkür edərək deyib: “Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq. Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər”. Nazir qeyd edib ki, iki ölkə arasında təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar sıx əməkdaşlıq var. Bu çərçivədə peşə fəaliyyəti ilə bağlı imzalanan protokol da həyata keçirilir.

Prezident peşə təhsili ilə bağlı əməkdaşlığın önəmini xüsusi vurğulayıb: “Azərbaycan, dediyim kimi, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Əlbəttə ki, biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik”.

Dövlət başçısı həmçinin gənc nəslin ölkələrimizin tarixini, o cümlədən İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətləri bilməsinin əhəmiyyətini diqqətə çatdırıb: “Mən artıq göstəriş vermişəm ki, bizim təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın. İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrifedilmiş məlumat dərc edilir. Ona görə, real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq. Xüsusilə, nəzərə alsaq ki, Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir”.

Sovet dövründə tarixin ideoloji məqsədlərlə, təhrifedilmiş şəkildə tədris olunduğunu deyən İlham Əliyev qeyd edib ki, qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ölkəmiz müstəqilliyə qovuşandan sonra real tarixi bildik: “Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq”.