Mədəniyyət Nazirliyinin 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirdiyi “Səhnədən səngərə”  layihəsi davam edir.

44 günlük Vətən müharibəsində qanı-canı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar sırasında səkkiz nəfər mədəniyyət işçisi də var. Layihə çərçivəsində hazırlanan videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əksini tapır.

“Səhnədən səngərə” layihəsinin ikinci buraxılışı Vətən müharibəsində döyüşçü yoldaşlarının həyatını qurtarmaq üçün özünü sipər edərək, qəhrəmancasına həlak olmuş Əliağa Məmmədovun əziz xatirəsinə həsr olunub. Əliağa Məmmədov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı işləyib.

Layihədə 19 yaşında əbədi işığa doğru yol alan Əliağa Məmmədovu kədər, həmçinin qürurla xatırlayan valideynləri, iş yoldaşları qəhrəmanımızın ən böyük arzusundan, teatra olan sonsuz sevgisindən, şücaətindən söz açıblar.