Qax rayonunda yaradılan turizm infrastrukturu buna bariz nümunədir
   
   Qax rayonu turizmin inkişafı üçün geniş imkanlara malik bölgələrimizdəndir. Rayonun mülayim və saf dağ iqlimi, zəngin mineral şəfa bulaqları, əsrarəngiz təbiəti, şəlalələri, düzənlik və dağ meşələri, çayları burada turizmin inkişafı, ilboyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərinin yaradılması üçün çox əlverişlidir. Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.
   
   Qədim yaşayış məskənlərindən olan bu ərazi tarixi abidələri ilə də diqqəti cəlb edir. Rayonda 2-si dünya, 18-i ölkə və 48-i isə yerli əhəmiyyətli olmaqla, 68 tarixi abidə mövcuddur. Ləkit kəndindəki V əsrə aid məbəd, VI-VII əsrlərə aid məbəd kompleksi, Qum kəndində V-VI əsrlərə aid məbəd, İlisu kəndində “Sumuq qala”, “Beş bulaq”, “Ulu körpü” abidələri, habelə məscid və qalalar, Ağçay kəndində “Oğlan qala, qız qala”, Oncallı kəndində Oğuz qəbiristanlığı, Qax şəhərinin İçəri Bazar küçəsində Qala qapısı və divarları, habelə rayon ərazisində yerləşən onlarla digər abidələr tarixilik baxımından ziyarətçilər üçün böyük maraq kəsb edir.
   Mədəniyyət və turizm şöbəsi tərəfindən turistlərin abidələrə səyahətini təşkil etmək üçün 6 marşrut müəyyənləşdirilib. Hazırda rayonda bir mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, “İlisu” pansionatı, “Yaşıl park”, “Ulu dağ”, “Ulu”, “İmproteks” turizm və istirahət mərkəzləri, “Qafqaz” və “Eden park” mehmanxanaları turistlərə xidmət göstərir. Turizm obyektlərində yerlərin sayı artaraq 500-ə çatır. Turizm mərkəzlərində qiymətlər 30-55 manat arasında dəyişir.
   2009-cu ildə rayonun turizm obyektlərində 4 min nəfərdən artıq turist istirahət edib. 2010-cu ilin ilk 6 ayında isə rayonda istirahət edən turistlərin sayı 2200-dən çox olub. Rayonda kənd yaşıl, müalicə, istirahət turizmi daha geniş yayılıb. Bunlardan daha çox inkişaf etmiş kənd yaşıl turizmi əsasən yerli turistlərin istifadə etdiyi turizm növüdür. Rayonda həmçinin mövsümi ovçuluq, atçılıq, dağ, qış və digər turizm növlərinin inkişaf etdirilməsi üçün də münbit şərait var.
   Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru Dilarə Əzizovanın sözlərinə görə, indiki məqamda insanları nə ulduzlu hotellər, nə də bir-birinə bənzəyən mehmanxanalar, turizm obyektləri maraqlandırır. Turistləri ən çox maraqlandıran təbiətə daha yaxın olmaqdır: «Bu səbəbdən də onlar sadə kənd evlərində qalmağa daha çox üstünlük verir, sakit təbiət guşələrini özlərinə məkan seçirlər. Belə evlərdə qalan turistlər yerli əhali ilə sıx ünsiyyət yaradaraq bölgənin adət-ənənələri, yaşayış tərzi ilə yaxından tanış olurlar.
   Qax rayonunda turizmin bu növü - kənd yaşıl turizmi artıq öz təsdiqini tapıb. Sadə kənd evlərində istirahət etmək istəyənlərin sayı ildən-ilə artır. İlisu, Ağçay, Qaşqaçay, Çinarlı, Qum kəndlərində hazırda bu turizm növündən onlarla ailə yararlanır».
   D.Əzizova deyir ki, rayonun təbii sərvətləri, zəngin fauna və florası burada ekoturizmin inkişafına da böyük təkan verib. Qaxda xüsusilə dağ, qış və piyada turizmi inkişaf etməkdədir: «Bundan əlavə, Qax rayonu kurort sərvətləri cəhətdən də çox zəngindir. Lakin bu imkanlardan o qədər də geniş istifadə olunmur. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının yaradılmasını zəruri edir. İlisu və Sarıbaş kəndlərində yer üzünə çıxan termal bulaqlar qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. Hamam çayı sahilindəki Oğlan bulaq, Qız bulaq və hamam adlanan hovuzlar oraya gedən yüzlərlə xəstəyə şəfa bəxş edir. Əksər hallarda bu bulaqların suyu hədər yerə axıb gedirdi. İndi həmin bulaqların suyu borularla “Ulu dağ” istirahət mərkəzinə gətirilir. İnsanlar hər cür şəraiti olan rahat otaqlarda bu müalicəvi sudan istifadə etməyə başlayıblar». 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar