44 günlük Vətən müharibəsinin ilk Zəfər xəbərlərindən biri rəşadətli hərbçilərimizin Tərtər rayonunun Suqovuşan kəndini işğaldan azad etməsi barədə idi. 2020-ci ilin 3 oktyabrında strateji əhəmiyyəti olan bu kəndin azad edilməsi Ordumuzun cəbhənin şimal istiqamətində qalibiyyət yolu üçün mühüm rol oynadı. Artıq qəsəbə statusu alan Suqovuşanda həyat öz axarını tapır. Yeni yolun çəkilməsindən sonra elektrik yarımstansiyası da istifadəyə verilib.

“Azərişıq” ASC-nin təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mayın 26-da bir qrup jurnalist Suqovuşan qəsəbəsinə səfər edib. Mediatur zamanı jurnalistlər “Suqovuşan” yarımstansiyası və görülən işlərlə tanış olub. Məlumat verilib ki, 35/10 kilovoltluq yarımstansiya Suqovuşan qəsəbəsinin, həmçinin 3 oktyabrda işğaldan azad edilmiş Talış kəndinin elektrik enerjisinə olan tələbatını tam təmin edir.

MEDİA-nın şöbə müdiri Natiq Məmmədli bildirib ki, işğaldan azad edilmiş ərazilərə mediaturlar davam edəcək: “İşğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərini işıqlandırmaq yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan mediasının əsas mövzusudur. Odur ki, belə səfərlər mütəmadi təşkil olunacaq”.