Elmir Hüseynov: “Hazırda dünyada yeni növ sirk yaranıb. Bizim tutduğumuz istiqamət də belə tendensiyalara cavab verəcək”

Əksər paytaxt uşaqları kimi mənim üçün də Bakı Dövlət Sirkinin binası hələ uşaq yaşlarımdan sanki sirli-sehrli bir dünya idi. Bu bina özündə elə bil həmişə qəribə bir karnaval əhvalı gizləyirdi. Sirkin səhnə arxasında baş verənlər isə bizim üçün həmişə sirr olaraq qalırdı. Jonqlyorlar, klounlar, hava gimnastları, fokusçular, əhliləşdirilmiş ayılar, meymunlar – bütün bu sadaladıqlarımdan əlavə bir də sirk tamaşaları zamanı orkestrin səsləndirdiyi canlı musiqilər. Sevdiyimiz kinofilm, cizgi filmi, yaxud da elə xalq mahnısının hədsiz maraqlı bir sirk nömrəsi zamanı səslənməsinin insan əhvalına təsirini isə sözlə ifadə etmək çətindir. Sirk bəlkə də yeganə arenadır ki, buranın izləyicilərinin yaş məhdudiyyəti yoxdur.

Bu il Bakı Dövlət Sirkində (BDS) Azərbaycanın peşəkar sirk artistlərindən ibarət ilk milli sirk tamaşasının premyerasından düz 75 il ötür. Eyni zamanda sirkdə yenidən, artıq dördüncü dəfə yaradılan milli truppa formalaşmaqdadır. Elə bu məqsədlə də sirkin binasında və səhnə arxasında baş verənlərdən xəbərdar olmaq üçün üz tutduq Bakı Dövlət Sirkinə.

Bilmirəm, çoxunuz hiss etmisiniz, ya yox, sirk binasının özünəməxsus qoxusu olur. Uşaq yaşlarımda valideynlərim bu qoxunun burada saxlanılan heyvanlarla bağlı olduğunu deyirdilər...

 

“Konsertlər, səhnələşdirilmiş küçə paradları təşkil edəcəyik”

 

Binaya daxil oluruq. Alaqaranlıq dəhlizlərdən işıqlı sahəyə keçirik və oradan da sirkin arenasına. Arenaya qədər gəldiyimiz məsafədə səssizlik hökm sürsə də, burada çox şən əhvalda sirk artistlərinin məşq etdiklərini görürük. Gimnast, kloun və jonqlyorlar. Bir-birindən maraqlı nömrələrini nümayiş etdirərək arada yoldaşlarının məsləhətlərini də nəzərə alırlar. Sirk ustaları arenada bir-birini əvəz etdikcə, orkestr üçün quraşdırılmış xüsusi səhnəyə ifaçıların da gəldiyini müşahidə edirəm. Arenaya düşüb artistlərlə söhbətləşmək istəyirəm. Pilləkənləri enənə qədər Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynovun da səhnədə artistlərlə şən əhvalda müzakirələrini eşidirəm.

Direktor bizi səmimi qarşılayıb artistləri təqdim edir. Hər biri haqqında müsbət fikirlər söyləyir. “Bu gün mən yox, qoy uşaqlar danışsın” desə də, bəzi düşüncələrini bizimlə bölüşür: “Biz sirkə yeni nəfəs gətirmək niyyətindəyik. Heç kimə sirr deyil ki, Avropanın əksər ölkələrində heyvanlar daha sirkdə iştirak etmir. Onları bu cür istismar etmək cəmiyyət tərəfindən qəbul olunmur. Hazırda dünyada yeni növ sirk yaranıb ki, bizim tutduğumuz istiqamət də belə tendensiyalara cavab verməkdədir. İstəyirik, sirkimiz digər sirklərdən milli koloritinə görə seçilsin. Biz milli ənənələrimizi müasir sintezdə yaratmaq niyyətindəyik. Bunun üçün Azərbaycan sirkinin milli truppa ənənələri bərpa olunmalı və milli sirk nümunələri yaradılmalıdır. Bizim fikrimiz indi sirkin kollektivini formalaşdırmaqdır. Janrlar üzrə artistlər də bəllidir. Burada illüziya, akrobatika, hava və parter gimnastikası, jonqlyorluq, bir sözlə, janrın bütün növləri olacaq. Klounlar müasir sirk proqramlarının ayrılmaz və əvəzolunmaz hissəsidir”.

Həmsöhbətim deyir ki, bina kənardan nə qədər orijinal görünsə də, əsaslı şəkildə təmirə ehtiyacı var. Köhnə tikili olduğundan müasir standartlara cavab vermir. Son illər ölkəmizdə bir çox mədəniyyət müəssisələri ən müasir tələblərə uyğun olaraq təmir edilir və ya yenidən qurulur. Bu mənada möhtəşəm memarlıq nümunəsi olan Bakı Dövlət Sirkinin funksional xüsusiyyətlərinin genişləndirilməsi, müasir vasitələrlə təchiz olunması, təbii ki, Azərbaycanda milli sirk sənətinin inkişafına öz təsirini göstərəcək: “Pandemiyadan sonra idman-konsert salonlarında konsert proqramları, səhnələşdirilmiş küçə paradları təşkil etmək fikrindəyik. Onu da qeyd edim ki, hazırda burada bizimlə olan artistlərimiz Bakı Dövlət Sirkinin milli truppa və orkestrinin yenidən təşkil olunması ilə bağlı elan etdiyimiz müsabiqə əsasında müraciət edənlərdir”.

Elmir müəllim sözlərini bitirib gənc xanım gimnastı bizə təqdim edir. Deyir ki, Günay Nuriyeva Bakı Dövlət Sirkinin loqosunun da simasıdır. Təbii ki, öz ustalığı və gimnastik hərəkəti ilə. Günay anadangəlmə sümük boşluğundan əziyyət çəkib. Beş yaşına kimi yeriməyib, danışmayıb. 10 yaşından gimnastikaya başlayıb və müəlliminin sayəsində dili də açılıb. Rahat gəzib danışmağa başlayıb, hətta gimnastika sahəsində uğurlar da qazanıb. Sonra ayağından zədə aldığı üçün bir müddət bu işdən uzaqlaşır. Hazırda zədə və yaşına görə gimnastika sahəsində çıxış edə bilməsə də, BDS-nin elan etdiyi milli truppa yığımına müraciət edərək artıq sirkin artist heyətinə qəbul olunub və məşqlərə qatılır.

Emin Abdullayev jonqlyordur. Deyir ki, sirk sənəti ilə 2001-ci ildən məşğuldur. Müstəqil olaraq xarici ölkələrdə çıxışlar edib. İlk dəfədir yerli artistlərlə birgə proqrama hazırlaşır.

 

Sağlam düşüncə və sağlam kollektiv olanda...

 

Fokus-illüziya nümayişi incəsənətin qədim növlərindən biridir. Sadə göründüyü qədər də mürəkkəb və maraqlıdır. Arenada hamımızın tanıdığı, 1980-ci ildən illüziya ilə məşğul olan Tofiq İsgəndərlini görmək də xoş idi. İllüziya ustası bildirir ki, milli truppa təşəbbüsünün özü çox maraqlıdır. O, 1990-cı ildən 2002-ci ilə qədər sirkdə çalışıb. Həm aparıcılıq, həm də illüziya ilə çıxışlar edib. İndi yenidən sirkin səhnəsinə qayıtmasından məmnundur: “Bəzən “öz artistlərimizə maraq yoxdur” deyənlər də olur. Bununla razılaşmıram. Sağlam düşüncə və sağlam kollektiv, maraqlı proqram olanda yerli sirk artistlərinə də maraq böyük olur. Yeni rəhbərliyin yaşlı nəslə münasibəti, onları axtarıb bir araya gətirməsini də yüksək qiymətləndirirəm”.

***

Arenada artistlərin maraqlı çıxışlarına başımız necə qarışdısa, orkestrin solistlərinin toplaşdığını hiss etmədik. Səhnənin işıqları, musiqi, rəngarəng nömrələrin bir-birini əvəz etməsi, məşq prosesi olsa da, əsl sirk tamaşası əhvalı yaradır. Bu məqamda BDS-nin yenidən qurulan orkestrinin bədii rəhbəri və dirijoru, Əməkdar artist Azad Quliyevi, nəhayət ki, məşqdən ayıra bilirik. O, 1993-cü ildən sirkin orkestrində musiqiçi kimi fəaliyyətə başlayıb. 2011-ci ildə bədii rəhbər və dirijor vəzifəsinə təyin olunub.

Azad müəllim deyir ki, 12 il əvvələ qədər sirkdə böyük orkestr fəaliyyət göstərib, sonradan isə kollektiv ixtisar edilib. 16 nəfərlik heyətdən 4 ifaçı ilə çıxışları olub: “Hazırda kollektiv yenidən bərpa edilib. Bu dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Məlumdur ki, sirk orkestrinin özünəməxsus xüsusiyyətləri var. Xaricdən gələn artistlər canlı musiqi ilə çıxış etmək üçün bir günə notları təqdim edir və əsər də təcili olaraq hazırlanır. Nömrələrdə ifa olunan musiqilər artistlərin şəxsi istəyi və zövqü ilə ifa olunur. Sirkin orkestri, müəyyən mənada, artistlərdən asılı olur. Hazırda isə BDS-nin orkestrinin repertuarı Azərbaycan bəstəkar, estrada, xalq mahnıları, xarici və yerli kinofilmlərdən musiqilər əsasında qurulub. Caz kompozisiyalarına da geniş yer verilib. Bəzən artistlər fonoqram musiqi ilə də çıxışlar edirlər. Orkestrin məşqləri aprelin 20-dən başlayıb”.

***

Səs rejissoru və bədii rəhbər məşqin davam etməsi üçün mikrofonla elan verir. Azad müəllimlə xudahafizləşib sirkin binasını tərk etməyə hazırlaşırıq. Hiss edirəm ki, fotoqrafımız Həbib də bu məkandan zəngin təəssürat alıb. Pilləkənləri enərkən “mən heç vaxt sirkdə olmamışdım, amma binanın da fotosunu çəkməyə icazə versəydilər əla olardı” deyir. Binadan xoş təəssürat və ümidlərlə ayrılırıq. Sirkin binasının fotosunu da çəkib yolumuza davam edirik. Bu möhtəşəm məkanın keçmişi, ötən illərdə burada keçirilən unudulmaz konsertlər, şou proqramlar, sirk tamaşaları sanki kino lenti kimi xəyalımda bir daha canlanır...

Lalə AZƏRİ