“Ağac aktyorlar”ın işığı ilə başlanan yol...

Milli teatr sənətimizin keçdiyi şanlı yola hər nəzər saldıqda “Teatr əsl fədailəri sevir” kimi dillər əzbərinə çevrilmiş cümlə yenidən öz həqiqətini pıçıldayır.

Bu il yaranmasının 90 ili tamam olan Azərbaycan Dövlət Kukla Teatrının da təşəkkülü, peşəkar səviyyəyə çatması üçün öz fədailəri olub. Və bu ağır və şöhrət vəd etməyən sənətə xidmət edən, fədai deyə biləcəyimiz insanlar bu gün də var. Təbii ki, onların da hər biri milli kukla teatrımızı 90 il əvvəl peşəkar səhnəyə gətirən aktyor, rejissor Mollaağa Bəbirli yolunun davamçıları sayıla bilərlər. Çünki müasir səhnə element və formalarının, texnoloji vasitələrin animasiyadan teatra yol tapmasına rəğmən ənənəvi kukla oyun üslubunu yaşatmaqla uşaqlara və eləcə də kukla teatrı həvəskarı olan böyüklərə israrla sevdirirlər. Bu, bir az da böyük okeanın ortasında qalmış qayıqla sahilə çatmağa bənzəyən əsl mübarizə, əsl sevda işidir.

Xəzərin sahilində, Dənizkənarı bulvar ərazisində paytaxtımızın unikal memarlıq nümunələrindən sayılan binada qərar tutan teatr 90 yaşını pandemiyalı, məsafəli, maska (teatr maskası deyil) məhkumiyyətli bir şəraitdə qarşılayır.

 

Səhrada çiçək kimi

 

Ölkəmizdə bu teatrın dövlət səviyyəsində təşəkkülü və tərəqqisində, heç şübhəsiz, Mollaağa Bəbirlinin rolu danılmazdır. 1905-ci ilin 15 sentyabrında Bakıda doğulan Bəbirli teatra, xüsusən uşaqlar üçün səhnə nümunələrinə ayrı bir sevgidə formalaşıb. O dövrün Bakısı, teatr mühiti, ümumən sənətə münasibət onu da həvəsə gətirib. Uşaqlıqdan xüsusi bir maraqla izlədiyi kukla oyunlarının kökünə varmaq üçün üz tutub Rusiyaya. “Denmeni” və “Göy pərdə” teatrlarının səhnə əsərlərinə baxdıqdan sonra kukla tamaşalarına, kuklaçılığa olan marağı artıq yerini əməli işə verir. O, uzun əsrlər xalq arasında mövcud olan və bölgədən-bölgəyə dəyişərək geniş yayılan oyun-tamaşaların estetikasını, poetik xüsusiyyətlərini daha da dərindən mənimsəyir. Həmin oyunların, eləcə də ümumən türkdilli xalqlar arasında geniş yayılan kukla personajlarının – Qaragöz, Keçəl Pəhləvan, Göyçək Fatma kuklalarını ağacdan özü düzəldərək onlara libaslar da tikir. Onların obrazında da səhnə nümunələri yaratmağa çalışır. Epizodik rollarda aktyor kimi səhnəyə çıxdığı Dövlət Dram Teatrındakı işindən də məhz kukla teatrı üzrə təhsil almaq üçün imtina edən Mollaağa Bəbirli indiki Sankt-Peterburq Dövlət Teatr Sənəti İnstitutunda məşhur professorlardan dərs alır, kuklaçılığın incə nüanslarını peşəkar səviyyədə mənimsəyir. Qrim peşəsini də öyrənən teatr fədaisi 1927-28-ci illərdə təhsilini başa vuraraq Bakıya qayıdır. Dram və Opera teatrlarında fəaliyyət göstərən studiyalarda, Teatr Məktəbində qrim sənətindən dərs deyir.

Təbii ki, özünün sevimli məşğuliyyətindən – kukla düzəltməkdən də əl çəkmir və ətrafına topladığı teatr həvəskarları ilə məşqlərə başlayır. Kukla teatrı, truppası yaratmaq arzusunu realizə üçün əməli işə keçir. Xalq Maarif Komissarlığının, böyük dramaturqumuz Cəfər Cabbarlı başda olmaqla tanınmış teatr xadimlərinin, ziyalıların köməkliyi sayəsində Türk (Azərbaycan) Kukla Teatrı yaradılır.

Bəbirli yenicə yaranan sənət ocağına direktor və baş rejissor təyin edilir. Maarif Komissarlığının əmri ilə 16 iyun (bəzi mənbələrdə 16 may) 1931-ci ildə yaranan teatrda qızğın məşqlərə start verilir. 1932-ci ilin aprelində kollektiv “Sirk” adlı ilk tamaşa ilə tamaşaçıların görüşünə gəlir. Sirk-məsxərə elementli bu tamaşa qısa olsa da, uşaqların və böyüklərin marağına səbəb olur. Ümumən ölkədə peşəkar kukla teatrının yaranması həmin dövr üçün maraqlı hadisə kimi qarşılanır və bu barədə dövri mətbuatda geniş materiallar da dərc olunur.

Beləcə, məkansız teatr özünün ilk addımlarını uğurla atmağa başlayır. Bəbirlinin Zərgərpalan küçəsi 84 ünvanındakı kiçik mənzilinin emalatxanaya dönən bir otağında həm kuklaları hazırlanır, həm də məşqlər edilirdi. Otağını emalatxana, evini teatr binasına (ilk vaxtlar tamaşalar onun mənzilində nümayiş olunub) çevirən bu fədakar insan kuklalar üçün tikilən geyim və digər materialları da öz vəsaiti hesabına əldə edir və çalışdığı müəssisələrdən aldığı əməkhaqqını sevə-sevə bu işə sərf edirdi.

 

Oba-oba gəzən kukla

 

Konkret bina və şəraitin olmaması səbəbindən daha çox səyyar fəaliyyət göstərən teatr ölkənin ən ucqar kəndlərinə də gedib çıxır və tarlaları, otlaq sahələrini, kənd mərkəzlərini, qatar vağzallarını özü üçün səhnə etməkdən yorulmurdu. Kənd məktəblərinin həyətlərindən meyvə bağlarınadək tamaşaçının toplaşa biləcəyi hər yerdə səhnələr qurulur, pərdələr asılır və müxtəlif mövzulu tamaşalar, məzəli səhnəciklər göstərilirdi. Kuklaları, rekvizitləri, dekor və butafor materiallarını özləri hazırlayan kuklaçılar əsər, pyes sarıdan da əziyyət çəkirdilər. Azərbaycan müəlliflərinin uşaq pyesləri yazmaması, yaxud onların bu teatrın profilinə uyğunsuzluğu, xarici ədəbiyyatın da az tərcümə olunması repertuarda ciddi qüsur yaradırdı. Ara-sıra əsərləri rus dilindən tərcümə edən Bəbirli sonradan çıxış yolunu Rusiya kukla teatrlarının repertuarını təkrarlamaqda görür. Təbii ki, ideoloji mövzuda tamaşaların hazırlanması tələbinə də cavab olaraq nümunələr ərsəyə gəlir.

Daimi və teatr üçün yararlı məkan problemi yaşayan teatr 1933-cü ildən etibarən Gənc Tamaşaçılar Teatrının nəzdində Kukla teatrı şöbəsi kimi fəaliyyətini davam etdirir. Bakı Türk İşçi Teatrının Gəncəyə köçürülməsindən (1932) sonra boş qalan məkan – Kukla Teatrının yerləşdiyi indiki bina müəyyən vaxtlar istifadə üçün bu kollektivin ixtiyarına verilir. Amma bu da daimi olmadığından kollektiv özünün səyyar fəaliyyətini davam etdirmək məcburiyyətində qalırdı.

Artıq teatrın zəngin repertuar və özünəməxsus tamaşaçı auditoriyası da formalaşmışdı. 1941-ci il müharibəsi başlayanadək bu teatrın səhnəsində Bəbirli ilə çiyin-çiyinə çalışan kifayət qədər istedadlı və təcrübəli aktyor heyəti də yaranmışdı. Bu sırada Süleyman Nəzəroğlu, Xədicə Əhmədova,  Ağahüseyn Əhmədzadə, Əli Əsgərov, Əyyub Rzayev, Əli Məmmədov, Anneta Pavlova, Boris Budanov, Olqa Bankovskaya kimi artistlər Azərbaycan və rus bölmələrindəki tamaşaların əksəriyyətində məharətlə çıxışlar etmişdilər.

Onların bir qismi kuklaçı rəssam, rejissor olaraq da tamaşaların hazırlanmasında iştirak edirdilər. Zamanla kukla teatrı üçün əsər problemi də həll olunur. İstedadlı gənc şair Mirmehdi Seyidzadə “Nərgiz” əsərini qələmə alır və teatra təqdim edir. Bu əsər repertuarda uzun müddət qalmasa da, M.Seyidzadə və başqa müəlliflər əsərlərini bu teatra təqdim etməyə başlayırlar. Eyni zamanda Mollaağa Bəbirli dünya və Azərbaycan klassiklərinin əsərlərini kukla teatrı estetikasında işləyib səhnələşdirməyə başlayır. Beləcə, Axundzadədən Mirzə Cəlilə, Qoqoldan Molyerə müxtəlif müəlliflərin əsərləri teatrın hər iki bölməsində tamaşaya hazırlanır.

 

Səngər də səhnə olsa...

 

İldən-ilə səhnə tərtibatından aktyor heyətinə, rəssamdan butafor-rekvizitlərinə yüksək səviyyədə hazırlanmasınadək kifayət qədər inkişaf edən kukla teatrı kollektivi daimi repertuarına müxtəlif mövzulu 11-dən artıq tamaşa daxil etmişdi.

1941-ci ilin ikinci yarısınadək, yəni müharibəyə qədər teatr tam gücü ilə işləyirdi. Müharibə, qanlı-qadalı illər bu teatrın da həyatına təsirsiz ötüşmür. Bəbirli də daxil olmaqla teatrın bir neçə əməkdaşı cəbhəyə yollanır. Bəbirli cəbhədə də əsl işini – kuklaçı peşəsini də unutmur, imkan tapdıqca əsgərlərin könlünü xoş etmək üçün səhnəciklərlə çıxış edir. Müharibə bitir və o da orden və medallarla təltif olunaraq sənət xidmətini davam etdirmək üçün doğma teatrına dönür. Truppa bağlansa da, o, ilk fəaliyyət formasına – müstəqil teatr kimi səyyar tamaşa nümayişi ənənəsinə sadiq qalır. 1946-cı ildən Bəbirlinin direktorluğu və bədii rəhbərliyi ilə teatr 190 saylı məktəbin binasında qərar tutur. Sonra da bir müddət Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyətini davam etdirir.

Ağır sınaqlardan, məhrumiyyətlərdən keçən kiçik truppa repertuarını yeniləyə-yeniləyə Azərbaycanın ən ucqar nöqtələrinədək gedib çıxır və Kukla Teatrını sevdirməyə, tanıtmağa çalışır. Sonda çəkilən zəhmət hədər getmir və 1964-cü ilin 15 aprelində truppa “dövlət” statusu alır. 1965-ci ilin 3 fevralında isə müvafiq əmrlə teatr ilkin səhnəsinə – hazırkı binasına köçürülür. Həmin il mövsüm açılışını M.Dilbazinin “Göyçək Fatma” əsəri ilə edən teatr, beləcə, özünün daimi ünvanında yeni tərəqqi dövrünü yaşamağa başlayır. 1974-cü il iyulun 26-da teatra görkəmli ədib, maarifçi, uşaqların sevimli yazarı Abdulla Şaiqin (1881-1959) adı verilir...

 

Alqışlarınızla, kuklaçılar...

 

O tarixdən bu günə zəngin yaradıcılıq yolu keçən, görkəmli kukla teatrı rəssamları, rejissorları, aktyorları, eləcə də dramaturq və bəstəkarları nəslinin yaranması və formalaşmasına xidmət edən teatr daim öz ənənəsinə sadiq qalıb.

Bu gün milli-mənəvi, bəşəri dəyərlər bu teatrın səhnəsindən pərvazlanaraq dünyanın ən müxtəlif səhnələrinə, yüksək səviyyəli festivallarına ayaq açmaqdadır. Bu teatrın səhnəsində onlarla yerli və xarici müəllifin uşaqlar və böyüklər üçün əsərləri, xalq nağıl və dastanları, müxtəlif milli oyun-tamaşalar fərqli rejissor yozumlarında, tərtibat və quruluşlarında tamaşaçıların ixtiyarına verilib.

Teatrın kollektivi Hindistan, Yəmən, İran, Türkiyə, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, Türkmənistan, Gürcüstan, Misir, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Macarıstan və s. ölkələrinə qastrol səfərləri həyata keçirib. 25-dən artıq festivaldan Qran-pri və birincilik, laureat diplomları ilə qayıtmağa nail olub.

Təkcə son 10 ildə 15-dən artıq festivaldan mükafatla dönən kollektiv həm də iki dəfə Beynəlxalq Kukla Teatrları Festivalına ev sahibliyi edib. Teatr həmçinin Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) üzvüdür. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə eyni zamanda UNİMA Azərbaycan Milli Mərkəzinə rəhbərlik edir.

Uşaqların mənəvi-estetik zövqünün formalaşması daim dövlətimizin mədəniyyət siyasətində mühüm yer tutur. Təsadüfi deyil ki, dövlət başçısının müvafiq göstərişi ilə əsaslı təmir-bərpa olunaraq ən müasir texniki imkanlarla təmin olunan (2007) ilk sənət ocağı da məhz Abdulla Şaiq adına Dövlət Kukla Teatrının binası olub. Bu teatrın sənətçiləri müxtəlif illərdə öz yaradıcılıq uğurlarına görə fəxri adlara layiq görülüblər. Bu illər ərzində maraqlı işləri ilə fərqlənən kuklaçı rejissorlardan Rəhman Əlizadə, Tamilla Məhərrəmova, Namiq Ağayev, Ələkbər Hüseynov, Qurban Məsimov, Anar Məmmədov, rəssamlardan Solmaz Haqverdiyeva, Solmaz Musayeva, Lətifə Quluzadə, İqbal Əliyev, aktyorlardan Şahmar Hüseynov, Oqtay Dadaşov, Nadir Zamanov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Elmira Hüseynova, Mansur Mansurov, Ruslan Həsənli, Rəhman Rəhmanovun adını çəkmək olar. Hazırda teatrın truppasında kifayət qədər istedadlı orta və gənc nəsil aktyorlar da var.

Repertuarında müxtəlif mövzu və yaş qrupları üzrə 27 tamaşa olan teatr bir ildən çoxdur pandemiya vəziyyətinə görə onlayn formatda tamaşa nümayişində aktivlik göstərir. Təki tamaşaçı ilə teatr arasındakı əlaqə kəsilməsin və 90 yaşlı kukla evinin sehrinə inanan, onu sevən insanları itirməsin...

Həmidə NİZAMİQIZI