Mayın 28-də Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, ölkəmizə səfər edən Türkiyə Cümhuriyyətinin təhsil naziri Ziya Selçuk, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər Quba rayonunda səfərdə olublar.

Səfər çərçivəsində qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Ziyarətçilər öncə 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, sonra kompleksin muzeyi ilə tanış olublar. Onlara erməni silahlı dəstələrinin 1918-ci ildə Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qubada törətdikləri insanlıq əleyhinə cinayət əməlləri haqqında ətraflı məlumat verilib.

Sonda qonaqlara 1918-ci il soyqırımı hadisələrindən bəhs edən kitab və bukletlər təqdim olunub.