Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar artist, tanınmış müğənni Zöhrə Abdullayeva mayın 28-də, ömrünün 69-cu ilində uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərli kimi sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Peşəkar səhnəyə onu ustad xanəndə İslam Rzayev gətirib.

Müğənni “Lalə” qızlar ansamblının, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. Məmmədbağır Bağırzadə ilə duet ifaları ilə də tanınıb.

Dünyanın 30-dək ölkəsində səfərdə olan müğənni Azərbaycan musiqisini təbliğ edib. 2000-ci ildə İraqda “Babil festivalı”nın diplomu ilə təltif olunub.

2007-ci ildə musiqi sənəti sahəsində xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adına layiq görülüb.

Zöhrə Abdullayevanın xatirəsi onun ifasını dinləyən musiqisevərlərin, sənətkarı tanıyan hər kəsin qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.