Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 28 May – Respublika Günü münasibətilə bayram konserti keçirilib.

Konsertin aparıcıları Arzu Həmzəyeva və Ayaz Məmmədov Ali Hərbi Məktəbin şəxsi heyətini salamlayaraq, onları Respublika Günü münasibətilə təbrik ediblər. Bu gün müstəqil Azərbaycanın sələfi olduğu İslam Şərqində ilk demokratik respublikanın yaranma tarixindən və fəaliyyətindən söhbət açan aparıcılar məhz həmin dövrdə yaranmış və hazırda dünyanın ən müasir ordusu sayılan Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətin, qazandığı Zəfərin qürur mənbəyimiz olduğunu vurğulayıblar.

Sonra Respublika Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konsertdə müğənnilər Günel Zeynalova (Azəriqızı Günel) və qardaşı Tunar Rəhman sevilən mahnıları ilə, rəqqasələr Fatimə Fətəliyeva, Kəmalə Səfərəliyeva və beynəlxalq mükafatlar laureatı “Səma” rəqs ansamblı zərif, gözəl və rəngarəng rəqs nömrələri ilə izləyiciləri sevindirib.

Tədbirin sonunda Bakı Şəhər Baş İdarəsi adından müğənnilərə fəxri fərman təqdim olunub.