Azərbaycan və özbək xalqlarının böyük oğlu haqqında növbəti film çəkilir

“Özbəkkino” Milli Agentliyinin sifarişi ilə Özbəkistanın “First Art Media” şirkəti “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı filmin çəkilişinə başlayıb. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistanın və Azərbaycanın dövlət televiziya və radio şirkətlərinin dəstəyi ilə hazırlanan filmin əsas hissəsinin çəkilişləri Maqsud Şeyxzadənin vətəni Azərbaycanda, o cümlədən doğulduğu Ağdaş rayonunda aparılması planlaşdırılır.

Sənədli filmlə bağlı artıq Özbəkistanda da müəyyən işlər görülüb və bir sıra çəkilişlər aparılıb. Yay aylarında filmin yaradıcı heyəti ölkəmizə gələcək və Azərbaycan Televiziyası ilə birlikdə çəkilişlər aparacaq.

Azərbaycan və özbək xalqlarının böyük oğlu, ömrünün əsas hissəsini Özbəkistanda keçirən, özbək dramaturgiyasının banilərindən olan Maqsud Şeyxzadə özbək ədəbiyyatının klassiki hesab edilir və onun yaradıcılığı qardaş ölkədə çox sevilir, tədqiq olunur. Təsadüfi deyil ki, ədəbiyyatşünaslar Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırırlar.

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında bir dostluq körpüsü yaratdığını, ədibin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini bildirib. S.Abbasov  “Azərbaycantelefilm” tərəfindən M.Şeyxzadə haqqında “İki xalqın oğlu” adlı sənədli bioqrafik film çəkildiyini və bu il isə Özbəkistan tərəfin eyni təşəbbüslə çıxış etməsini yüksək qiymətləndirib.

Maqsud Şeyxzadə azərbaycanlı olmağını hər zaman  qürurla qeyd edib. Ədib həyatını və bədii yaradıcılığını belə xarakterizə edib:  “Mənim iki Vətənim var. Xoşbəxt deyiləmmi?! Mənə Nizaminin əsərlərini Nəvainin ana dilinə, Nəvainin əsərlərini Nizaminin ana dilinə çevirmək səadəti nəsib oldu. Xoşbəxt deyiləmmi?! Qələmin ilahi qüdrətilə yazdığım əsərlər özbək xalqının uğurlu sabahıdırsa və bu xoşbəxtliyi qardaş xalqa bir azərbaycanlı oğlu olaraq bəxş etmək qisməti taleyimə düşübsə xoşbəxt deyiləmmi?”.