Türkiyədə yaşayan soydaşımız, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti İslam Manafov 28 May – Respublika Günü münasibətilə İstanbulda konsert proqramı ilə çıxış edib.

İstanbulun məşhur Cemal Reşit Rey (CRR) salonunda çıxış edən pianoçunun solo konserti COVID-19 pandemiyası səbəbindən tamaşaçı iştirakı olmadan keçirilib və “Youtube” kanalı vasitəsilə yayımlanıb.

İslam Manafov 1961-ci ildə Bakıda anadan olub. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti olub. 2002-ci ildən Türkiyədə yaşayır. Yedditəpə Universitetinin (İstanbul) dosentidir. Xaricdə yaşayan digər sənətçi soydaşlarımız kimi, mütəmadi olaraq Azərbaycanın əlamətdar günləri ilə bağlı konsertlərdə iştirak edir.

Pianoçu 2016-cı ildə ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Əməkdar artist adına layiq görülüb. Övladları – Turan Manafzadə və Abuzər  Manafzadə pianoçu, dirijor və bəstəkar kimi sənətkarın yolunu uğurla davam etdirirlər.

İslam Manafovun 28 May – Respublika Günü münasibətilə konsert proqramının videoyazısını CRR konsert salonunun “Youtube” kanalında bir həftə ərzində izləmək olar.

https://www.youtube.com/watch?v=DYHWlwZ8PsU

Mehparə SULTANOVA
Ankara