Aşıq Ələsgər – 200

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, öz yaradıcılığı ilə təkcə folklor ədəbiyyatımızın deyil, ümumən ədəbiyyatımızın bəlli qatını yaratmış, nəinki Cənubi Qafqazda, həmçinin Şərqi Anadolu, Orta Asiya, İranda kifayət qədər məşhur olan Aşıq Ələsgərin anadan olmasının 200 ili tamam olur. Aşıq Ələsgər Azərbaycan folklor sənətinin o nümayəndəsidir ki, yaradıcılığının fiziki və poetik ümumi çəkisini istənilən xalqın bütöv folkloru ilə müqayisə etmək olar. Yaşadığı yüz ildən artıq ömrünün 85 ilini ancaq Azərbaycan xalqının mənəvi xəzinəsinin deyil, bəşəriyyətin qovuşmağa can atdığı ən işıqlı ideallar dəfinəsinin zənginləşməsinə sərf edən fenomen sənətkarı buna görə ancaq Azərbaycan arealında təqdim etmək olmur. Onun yaradıcılığının ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması da yuxarıdakı fikrimizin təsdiqidir.

Ustad aşığın Azərbaycan ədəbiyyatında və Azərbaycan insanının mənəvi həyatında oynadığı mühüm rol Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamında bir daha xatırlanır. Azərbaycan cəmiyyətində o həqiqət də xatırlanır ki, xalqımız və onun milli dəyərlərinin formalaşmasında rol oynamış insanlar və tarixi hadisələrə münasibətin dövlət səviyyəsində ifadəsinin əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş siyasətin davamı olan addımdır.

Aşıq Ələsgər yaradıcılığının poetik yükü və onun miqyası Azərbaycan ədəbi tənqidinin formalaşmağa başlandığı ilk vaxtlardan diqqəti çəksə də, onun tədqiqatlara cəlb edilməsi, öyrənilməsi və təbliği istiqamətində, təəssüf ki, əsaslı addımlar atılmayıb. Paradoksal olsa da, o gerçəkliyi qeyd edək ki, XIX əsrin 40-cı illərindən doğulub yaşadığı Göyçə mahalında, Qarabağ, Şərur-Dərələyəz, Zəngəzur, Qarakilsə, Şirək, Şörəyil, Ağbaba, Qars və Qağızman, İqdır, həmçinin Anadolunun içərilərinə, İran və Dağıstana qədər uzanan geniş arealda getdikcə məşhurlaşan, aşıq və el şairləri arasında unikal şeirləri ilə seçilən Aşıq Ələsgər ədəbiyyatşünaslığımızda layiq olduğu səviyyədə, kifayət qədər araşdırılmayıb.

Bu, bəlkə də Ulu Öndərimizin taleyinə yazılmış missiya ilə bağlıdır ki, XIX-XX əsr folklor sənətimizin azman sənətkarı Aşıq Ələsgərin ədəbi irsinin öyrənilməsi, adının əbədiləşdirilməsi işində Heydər Əliyevin danılmaz xidmətləri oldu. Məhz Azərbaycanda siyasi rəhbərliyə yenicə gəlmiş ümummilli liderin təşəbbüsü ilə akademik Aleksandr Mixayloviç Proxorovun redaktoru olduğu, 1969-cu ilin sonlarında çap edilən 30 cildlik “Böyük Sovet Ensiklopediyası”nda Aşıq Ələsgər haqqında böyük bir məqalə verildi. Bundan iki il sonra, 1971-ci ildə “Aşıq Ələsgərin anadan olmasının 150 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan SSR hökumətinin qərarı qəbul olundu. 1972-ci ildə isə SSRİ-nin paytaxtı Moskvada təntənəli yubiley tədbiri keçirildi. Həmin tədbiri açan görkəmli rus şairi Mixail Lukanin “Bu gün Moskvada XIX əsrin 40-cı illərindən başlayaraq, 80 il müddətində indiki SSRİ xalqlarının dilində sadə insanların yaşantılarını ustalıqla ifadə edən böyük el şairinin anadan olmasının 150 illiyinin” qeyd edildiyini bildirirdi. Həmin tədbirdə Aşıq Ələsgərin həyatı və yaradıcılığı barədə geniş məruzə ilə çıxış edən Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov Aşıq Ələsgəri “xalqın ürəyindən doğan şair” olaraq təqdim etdi.

Maraqlı çıxışlardan birini Ermənistan Yazıçılar İttifaqının rəhbəri Sero Xanzadyan etmişdi. Sonralar qatı millətçi, türk düşməni kimi məşhurlaşacaq yazıçı “Ermənistan dağları, danışın” kimi milli düşmənçiliyə açıq çağırışlar edəcəkdi. Moskvada isə o, üzünü möhtəşəm salonda əyləşən insanlara tutaraq bunları demək zorunda qalmışdı: “Göyçə gölünün sahillərindəki Ağkilsə kəndində dünyaya göz açan Aşıq Ələsgər xalqın bağrından qopan sənətkardır. O, öz əvəzsiz yaradıcılığında insani nəcib duyğuların ən böyük tərənnümçüsü ola bildi”.

Düzdür, həmin çıxışında Sero Xanzadyan sonrakı əsərlərində 1918-1920-ci illər Ermənistandakı daşnak hökumətinin Göyçə mahalında azərbaycanlılara qarşı həyata keçirdiyi qırğınlardan birtəhər qurtara bilmiş 97 yaşlı Aşıq Ələsgərin əzabları barədə danışmadı. O zamanlar Sosialist Əməyi Qəhrəmanı adını daşıyan yazıçı 16 il sonra barəsində danışdığı böyük sənətkarın məzarüstü abidəsinin vandalcasına məhv ediləcəyi barədə eyham vurmurdu...

Həmin il, 1972-ci ilin yazında aşığın vətənində, Göyçə gölünün sahillərində Azərbaycan incəsənət və mədəniyyət nümayəndələrinin iştirakı ilə möhtəşəm tədbir təşkil edildi. Yekun yubiley tədbiri isə Bakıda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirildi. Sovet İttifaqının bütün respublikalarından, həmçinin Moskva və Leninqrad şəhərindən gəlmiş ədəbiyyat və incəsənət xadimləri heç bir təhsili olmayan, ancaq rus və sovet deyil, dünya ədəbiyyatının klassiklərindən birinin dediyi kimi, “xalq universitetini” bitirmiş böyük sənətkarın hikmətinin işığına yığışmışdı. Həmin tədbirdə çıxış edən Xalq şairi Süleyman Rüstəm ustad Ələsgərin poeziyasının güc mənbəyindən danışırdı: “Şeirləri ilə könülləri fəth edən Aşıq Ələsgər poeziyasından vətən torpağının nəfəsi duyulur, sanki Vətən torpağının gözləri oxşayan bütün çiçəklərinin ətri və rəngi o şeirlərə hopub. Buna görə də Aşıq Ələsgər poeziyasını xəzansız gülüzara bənzətsək, yanılmarıq”.

Aşıq Ələsgər təkcə aşıq şeirimizin ən populyar nümayəndələrindən biri deyil, o, həm də 90 ilə yaxın müddətdə Azərbaycan xalqının canlı salnaməsi olub və hesab edirik ki, bu salnaməni təşkil edən o şeirlər hər hansı bir cüng qədər xalqımızın tarixindəki müəyyən məqamlara işıq sala bilər. Bunlardan əlavə, onun poeziyasındakı dil materialları dil tariximizi araşdıran mütəxəssislərimiz üçün əvəzsiz mənbədir. Onun poeziyası bol həyati müşahidələrlə zənginləşdirilib, həm məzmun və forma rəngarəngliyi, həm də xalq dilindən istifadə baxımından türk şeirinə misilsiz xidmətlər göstərib. Bu poeziyada söz sənətkarının canlı müşahidələrə istinadla öz yaşantılarını başqalarının hiss və duyğuları ilə əlaqələndirməyini, onların bədii ümumiləşdirmələrlə bəşəri mənalar daşıdığını görmək olur və buna görədir ki, bu bənzərsiz poeziya nümunələrində əsas mənbə və məxəz lirik qəhrəmanın qəlbən yaşadığı həyatın özüdür. Aşıq Ələsgərin poetik dili bu yaradılmış həyat həqiqəti lövhələri üçün başlıca rezervuardır. Həmin rezervuarın yaranma, təşəkkül və zənginləşmə zamanının yaşı isə min illərlə ölçülür.

Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və digər şeir növləri ustadın yaradıcılığında xüsusi çəkiyə malik poeziya nümunələrindəndir.

Özü sonralar aşıq məktəbini yaradan Aşıq Ələsgər doğulduğu, boya-başa çatdığı Göyçənin ən məşhur ustad aşıqlarından birinin, qızılvəngli Aşıq Alının yanında şəyird olub və aşıqlıq sənətinin sirlərini öyrənib. O, həmin sirlərdir ki, əsrlərboyu yığılmış və Azərbaycan aşıq məktəbləri arasında seçilən Göyçə aşıq məktəbinin fundamental əsaslarını yaradıb. Buradaca gerçək olan və klassik folklorşünaslarımızın yekdil olmasa da, ümumi rəyini yada salırıq ki, ayrı-ayrı aşıq məktəbləri təsnifatlansalar da, onların hamısı vahid Azərbaycan aşıq məktəbini təmsil ediblər. Qəbul olunan gerçəklik isə belədir ki, həmin məktəbin yaradıcıları sırasında XV əsrin ortalarında Göyçə mahalının Sarıyaqub kəndində anadan olub Miskin Abdal adı ilə ədəbiyyat tariximizə düşən Seyid Hüseynin adı xüsusi olaraq çəkilir. O, Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmiş nəsil şəcərəsinin növbəti həlqələrindən biridir. Miskin Abdal Şah İsmayılın sarayında aşıq-sufi ədəbiyyatının banisi, Şah İsmayıl sarayının ən müqtədir təmsilçilərindən biri kimi tanınır. O, 1524-cü ilin mayından, şahın ölümündən sonra Göyçə mahalına qayıdır, Sarıyaqubda açdığı məktəblə mahalın elm, irfan, sənət dünyasında mühüm rol oynamaqla, əsrlərlə ömrü olacaq Azərbaycan aşıq mühitinin formalaşmasında həlledici əvəzsiz xidmətlər göstərir. Miskin Abdal sağlığında bir əfsanə idi və bu əfsanə sənətkarın heyrətamiz qoşmalarında bu gün də yaşayır. Onun bu günə qədər populyarlığını qoruyub saxlayan şeirləri var.

Miskin Abdalın müasirlərindən olan, indiki Cəbrayıl rayonunun Diri kəndində doğulan, sonralar Aşıq Qurbani, Dirili Qurbani kimi nəinki Azərbaycanda, bütün Qafqazda tanınan, Miskin Abdal ilə bərabər fateh hökmdar və incə ruhlu şairin, dövrünün elm və ədəbiyyat xadimlərinin ən böyük hamisi sayılan Şah İsmayılın- Xətainin sarayında Qurbani, XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb-yaratmış görkəmli şair-aşıqlardan Abbas Tufarqanlı, XVII əsrin ən qüdrətli aşıqlarından olan Sarı Aşıq, XVIII əsrin sonlarından XIX əsrin birinci yarısına qədər Göyçə aşıq məktəbinin möhkəmlənməsində böyük xidmətləri olmuş Ağ Aşıq Allahverdi və digər aşıqların xüsusi xidmətləri ilə Azərbaycan aşıq məktəbi daha da möhkəmlənib.

Bütün bunlar Aşıq Ələsgərin mənəvi mühitini yaradan, insanlara Vətənin mahiyyətini izah edən, o mahiyyəti sevdirən duyğuların mizrabanı olan söz sənətkarlarıdır. İnsanlarımızın milli mental keyfiyyətlərinin yaranmasında aşıq ədəbiyyatının məxsusi yeri olub. Həmin sənətkarlar Azərbaycan insanına sevginin gücü ilə yaşamağın hansı xariqələr yaratdığını göstərir, onu sevgi ilə yaşayan qəlbin əbədi işığına çəkirdilər. Bu işığın şöləsidir ki, 400 ildir Tufarqanlı Abbasın ana südü kimi mərhəm və doğma sözləri ilə süslənmiş şeirlərini qaranlıqda qalmağa qoymur:

Duman, gəl get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin.

Yaşa, sevdiciyim, yaşa,
Yazılanlar gələr başa.
Bir yandan özün bas daşa,
Bir yandan el car eyləsin.

Abbas ağlar zarı-zarı,
Getməz könlünün qubarı,
İlqarından dönən yarı,
Tanrı tezbazar eyləsin.

Bu və digər nümunələr Aşıq Ələsgərə və onun şəxsində Azərbaycan aşıq məktəbinin gələcək nümayəndələrinə ötürülən irsdir və bu irsin mahiyyətində didaktika dayanırdı. Aşıqlıq məktəbi insanları öyrətmək missiyasından əlavə, xalqın ən böyük və əvəzsiz nemətinin - onun dilinin qorunub saxlanılması, intişar tapması işində çox böyük işlər görürdü. O işin başlıca vəzifəsini, aşıq sənətinin əsas missiyasını nəzərdə tutan Həsən bəy Zərdabi “Əkinçi” qəzetində yazırdı: “Bir baxın bizim aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara! Bu zaman onlar elə hala gəlirlər ki, bə istilai- türk ətin kəssən də xəbəri olmaz. Elə ki, sonra toy qurtardı, aşıqlar evlərinə getdi, beş-on gün uşaqlar gecə-gündüz küçələrdə aşıqdan eşitdiyi qafiyələri oxuya-oxuya gəzir və bir-birinin qələtlərini düzəldirlər”.

Xalq arasında yazı mədəniyyətinin yox dərəcədə məhdudluğu şəraitində aşıqlar nəsillər arasındakı transformasiyada ən vacib rollardan birini oynayırdılar və sözsüz ki, bu missiyanın daşıyıcıları sırasında Aşıq Ələsgərin məxsusi yeri var. Həmin missiyanı onun özü bu cür təqdim edir və o təqdimatda aşıqlığın başlıca hədəflərinin nədən ibarət olduğunu deməklə, özünün keçdiyi, keçmək istədiyi yolun istiqamətini göstərir:

“Bəli”, – deyib, yol-ərkana gəlmişəm,
Nəqş olub sinəmdə eşqin kitabı.
Çеşmi-nübüvvətə aşiq olmuşam,
Bir suala vеrrəm yüz min cavabı.

Gövhər sözüm məclislərdə yayılı,
Arif ondan mətləb qanıb ayılı.
İbadət еyləyən mömin sayılı,
Səxavətin ondan çoxdu savabı.

Haqdı sözüm, yеtirəsən isbata,
Yеmə riba, mеyl еləmə qiybata.
Şəriətdə haramdı zina-ləffata,
Ondan bəd yazırlar xəmri-şərabı.

Bu, Göyçə mahalının Ağkilsə kəndində, kasıb, lakin mənəvi keyfiyyətlərlə zəngin bir rəncbər kişinin ailəsində dünyaya gəlmiş, heç bir təhsil görməmiş, özünün fitri istedadı və zəhməti sayəsində irfani elmlərə vaqif olan Aşıq Ələsgərin dünyanın var olması, insanları xoşbəxt edə biləcək cəmiyyətin təşəkkülü üçün gördüyü, görmək istədiyi yolların başlıca qayəsidir. Onun yaradıcılığında təbiətin mahiyyətindən doğan ecazkar gözəlliyi, təmiz eşqin vəsfi nə qədər gözə çox dəysə də, başlıca ana xətt insan mahiyyətidir və aşıq o mahiyyəti təşkil edən komponentlər sırasında genetik xüsusiyyətlərin çalarlarını görsə də, individuallığın aparıcı rolunu dominant olaraq təqdim edir. Şərq insanı üçün daha çox xarakterik olan dini bağlılıqdan var olan təsəvvürlərin tez-tez yada salınması həmin individuallığın formalaşması üçün ən təsirli vasitə kimi istifadə olunur:

Günahkardı nə ki yoldan azan var,
İki mələk – xеyir-şəri yazan var.
Nəkrеyin var, Qıl körpü var, qazan var,
Rövşən yollarını tar еyləməynən!

Ustad hər məqamda daşıdığı mənəvi yükün ağırlığını və məsuliyyətini hiss edir, imkan düşdüyü hər məqamda insanların ruhunu cilalamaq fürsətini qaçırmır, onlara verdiyi tövsiyə və nəsihətlərdə ardıcıllığını qoruyub saxlayır. Buna görədir ki, o, hər dəfə insanın daşıdığı sosial mahiyyəti xatırladır, onun, müasir terminlərlə ifadə edildiyi kimi, “əxlaq və davranış kodekslərinin” hansı rol oynadığını qabardır:

 

Aşıq olub, diyar-diyar gəzənin,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət еlmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandıra,
Şеytanı öldürə, nəfsin yandıra,
Еl içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.

Ələsgər, əlbəttə, istənilən halda, fərddir və onun fərdi hiss-həyəcanlarının təqdimatı ilə də rastlaşdığımız anlar kifayət qədərdir, lakin bu fərdi duyğuların təqdimatındakı ictimai maraq, onun ibrətamizlik notları diqqətdən yayınmır. Həmin notlar dinləyici və ya oxucu üçün bezdirici deyil, onlar düşündürücü olmaqla bərabər, inandırıcıdır. Başlıcası isə, bunlar müdrik bir insanın gəldiyi həyati qənaətlərdir və həmin qənaətlərin niyə gəncliyə ünvanlandığı da məlumdur:

“Can” deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
“Çor” deyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan еylər.

Aşıq Ələsgərin yaradıcılığında folklor ədəbiyyatımızın əbədi mövzuları ilə bərabər, onun müasiri olduğu zamanların, demək olar ki, bütün sosial, hətta siyasi aksentlərini görmək mümkündür. Bu mövzular sırasında eşqin, qəhrəmanlıq və qorxaqlığın, sədaqət və etibarsızlığın, səxavət və xəsisliyin, dost və düşmənçiliyin sərhədləri ilə bərabər, elmə verilən böyük önəmin sərhədsiz konturları görünür. Bu, indiki anlamda, ibtidai sinifdə belə, təhsil almaq şansı olmayan, fəhmi və fitri istedadı ilə çox böyük coğrafiyada tanınan, tanındıqca insanların qəlbinə yol tapan haqq aşığının həyata baxışıdır. O baxışlar konsepsiyasında isə mürəkkəb konfiqurasiya axtarmağa dəyməz, sadəcə, insan ömrünün mənasını duymaq bəs edər. Hesab edirik ki, anadan olmasının 200 illiyini qeyd etdiyimiz Aşıq Ələsgərin yaradıcılığını öyrənmək də buna görə lazımdır:

Ahəngər deyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
Sinəmdədi еşqin şirin çеşməsi,
Ləzzəti mеyil еdib ay əməndədi.

Bir sazım var, nə pərdəsi, nə simi.
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Füzuli, Hafiz, Nəsimi –
Onlar da yazdığı, ayə, məndədi.

Kişi gərək zəhmət çəksin, dər salsın,
Süfrə açsın, ad qazansın, dər salsın.
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.

Mahirə HÜSEYNOVA
filologiya üzrə elmlər doktoru, professor,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru