Kitab treyleri (buktreyler) hər hansı bir kitabdan bədii formada bəhs edən qısa videodur. Bu videoların məqsədi yeni çap olunan kitabları ictimaiyyətin diqqətinə çatdırmaq və mütaliəni təşviq etməkdir. Müddəti bir neçə dəqiqə olan bu cür videolar hazırlanarkən illüstrasiyalar, fotoşəkillər, kitab örtüklərindən istifadə olunur. 2016-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə Buktreyler festivalı keçirilir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən kitab və mütaliənin təşviqi məqsədilə indiyədək 100-dən çox kitab treyleri hazırlanıb. Bir sıra dünya və Azərbaycan klassiklərinin, eləcə də müasir yazarların əsərləri əsasında ərsəyə gələn kitab treylerləri “Kitabxanaçı məsləhət edir” aksiyası çərçivəsində kitabxananın sosial şəbəkələrdəki səhifələri, o cümlədən “Youtube” kanalı vasitəsilə yayımlanır. Hazırlanan hər bir treylerdə müəllifin adı, əsərin süjet xətti, əsər haqqında maraqlı faktlar, əsərin motivləri əsasında çəkilmiş filmlərin adları və s. barədə məlumatlar əksini tapıb.

Kitabxananın əməkdaşları tərəfindən indiyədək İlyas Əfəndiyev, Anar, Əlibala Hacızadə, Elxan Elatlı, Varis Yolçuyev, Rövşən Abdullaoğlu, Fyodor Dostoyevski, Edqar Po, Aqata Kristi, Rəşad Nuri Güntəkin, Fenimor Kuper, Kolin Makkalou, Con Boyne, Qabriel Qarsiya Markes, Sumeyya Koç, Teodor Drayzer, Jül Vern, Xalid Hüseyn və s. müəlliflərin bir, iki və daha çox əsərinə treyler çəkilib.

İstifadəçilər kitab treylerləri ilə kitabxananın “İnstagram” səhifəsində tanış ola bilərlər.