Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (“Yol qovşağı”) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmansenfrance.fr” xəbər portalında “Bir Qarabağ xalçasının taleyi və dönüşü” başlıqlı məqaləsi yayımlanıb.

Azərbaycan Milli Xalça Muzeyinin zəngin ekspozisiyasından bəhs edən müəllif burada 11 min eksponatın, o cümlədən 6000 xalça və tekstil məmulatının sərgiləndiyini bildirir.

Zeynab Kazımova məqalədə 90-cı illərin əvvəlində Ermənistanın Qarabağı işğalı zamanı itmiş, oğurlanmış, daha sonra uzaq ABŞ-da, Los-Ancelesdə “qədim erməni xalçası” adı ilə satışa çıxarılmış Qarabağ xalça məktəbinə aid “Baxçada güllər” xalçası haqqında söz açır. O, 1991-1994-cü illərdə, Birinci Qarabağ müharibəsi dövründə şəhərlərin və kəndlərin ermənilər tərəfindən işğalı, bütün azərbaycanlıların evlərinin dağıdılması, evlərin, ev əşyalarının, xalçaların, digər maddi mədəniyyət və sənət obyektlərinin qarət edilməsi və oğurlanmasının Azərbaycan xalqına vurduğu maddi və mənəvi ziyanı diqqətə çatdırır. Müəllif bütün bunların insanların şəxsi əmlakına qəsd olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixi, milli, maddi-mənəvi sərvətlərimizə qarşı məkrin bir hissəsi olduğunu, ermənilərin hər zaman xalqımızın bu mədəni irsini özününküləşdirmək cəhdlərini, hələ də Azərbaycan tarixinə, ədəbiyyatına və mədəniyyətinə əsassız iddialarının davam etdiyini vurğulayır.

Məqalədə qeyd edilir ki, Los-Ancelesdə “qədim erməni xalçası” adı ilə satışa çıxarılan xalça bir vətənpərvər azərbaycanlı tərəfindən xilas edilir. O, üzərində kiril əlifbası ilə azərbaycanca yazılmış “1 yanvar 1971-ci il, Sərvərə anadan əbədi yadigar, ad günü hədiyyəsi” yazısından xalçanın Azərbaycana məxsus olduğunu bilir. Onu hərracdan alaraq Vətəninə Azərbaycana qaytarır.

Hazırda Azərbaycan Milli Xalça Muzeyində qorunan “Baxçada güllər” xalçası işğaldan azad olunmuş Şuşada muzeyin filialı fəaliyyətə başlayanda orada sərgilənəcək.