1 İyun – Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda tədbirlər təşkil olunacaq.

DTA-dan bildirilib ki, qoruqda gün ərzində uşaqlar üçün interaktiv və əyləncəli oyunlar, daş sərgisi və muzeylə tanışlıq, məktəblilərdən ibarət musiqi və rəqs qruplarının çıxışı nəzərdə tutulub.

Həmçinin bir sıra məktəblərin şagirdləri və müəllim heyəti üçün onlayn videokonfrans keçiriləcək.

Əlamətdar gün münasibətilə Şəkidəki “Kiş” Tarix-Memarlıq Qoruğunda yerli sənətkarların, eləcə də uşaqların taxta üzərində oyma və tikmə işlərindən ibarət əl işləri nümayiş etdiriləcək. Şəki Tarix-Diyarşünaslıq Muzeyində də azyaşlı ziyarətçilər üçün əyləncəli tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu və Şəki Tarix-Diyarşünaslıq Muzeyinə 18 yaşadək uşaqların girişi ödənişsizdir.