Şəhid Eldar Şirinovun həyat hekayəsi...

 

Vaxt gəldi, vədə yetişdi. Eldar hərbi xidmət yaşına çatdı. Avtomobil İstismarı Kollecində təhsil alsa da, Eldar təhsilini yarımçıq dayandırıb silaha sarılmağı üstün tutdu.

Eldar bir gün hərbi geyimdə anasının qarşısında durub dedi:

– Ana, Vətən məni səsləyir. Mən də bir oğul kimi Vətənin keşiyində durmalıyam....

Ananın gözləri doldu. Bəlkə də canından çox sevdiyi balasından ayrılacağını düşünüb kövrəldi, bəlkə də oğlunu hərbi libasda görüb qürurlandı. Onu bilmirəm.

Ananın bulud gözləri Eldarın gözündən yayınmadı:

– Ana, niyə kədərləndin? Sən daha da qürurlu olmalısan, çünki sən bu gündən əsgər anasısan. Əsgər anası məğrurluğu, əzəməti, vüqarı ilə hər kəsə örnək olmalıdır.

Eldar anasının gözlərini sildi.

Ana:

– Oğul, gözlərimin dolması kədərdən deyil, elə qürurlandığımdandır. Hər bir Vətən oğlunun borcu Vətənə layiqincə xidmət etməkdir. Mənim xeyir-duam daim səninlədir. Səngərdə məğrur dayan! Çünki bütün xalqımız sənin kimi igidlərə güvənərək rahat yaşaya bilir. Sən də çalış bu güvəni heç bir zaman sarsıtma!

Eldar anasının xeyir-duasını aldıqdan sonra döyüş bölgəsinə yola düşdü. İlk gündən kəşfiyyat bölüyündə xidmət edən Eldar qısa zamanda əsgər yoldaşlarının, eləcə də komandir heyətinin dərin hörmətini qazandı. Çünki o verilən tapşırıqları vaxtından əvvəl yerinə yetirməklə yanaşı, cəsarəti, təpəri, səbri və təmkini ilə silahdaşlarından seçilirdi.

Eldar hər kəsdən cılız görünsə də, diribaşlığı və qorxmazlığı ilə bir çoxlarına örnək idi. Komandir Sübhan Abdulrəhmanlının da Eldara xüsusi rəğbəti, inamı və güvəni vardı.

– Eldar, sən mənim əsgərimsən. Vətənə layiqincə və sevərək xidmət edirsən. Mənim sənə güvənim sonsuzdu. Amma yenə də ehtiyatlı ol, özünü qabağa atma...

Eldar dilləndi:

– Komandir, mənə olan güvəninizi sarsıtmamaq üçün sizə və Vətənə layiqli bir əsgər kimi xidmətimə davam edəcəyəm, təki siz hər tapşırığa məni göndərin. İnanın ki, düşmənin içinə girsəm belə yenə də əliboş qayıtmayacağam.

Beləcə günlər bir-birini əvəz edir.

Bir gün komandir mühüm xəbəri demək üçün əsgərlərə "düzlən!" əmri verir. Hər kəs öz sırasını tutduqdan sonra, uca səslə deyir:

– Azərbaycan Ordusunun şanlı əsgərləri, bildiyiniz kimi xain düşmən yenə də öz mənfur əməllərindən əl çəkmir. Atəşkəsi pozur, dinc əhaliyə qarşı təxribatlar törədir. Artıq gözünüz aydın, Ali Baş Komandan əks hücum əməliyyatına başlanması əmrini verdi. İgid əsgərlərim, döyüşə hazır olun! Qarabağ torpağı bizi gözləyir.

Bu xəbəri eşidən əsgərlər sevincdən bir-birini qucaqlayırdılar. Axı onlar döyüş əmrini çoxdan gözləyirdilər. Mənfur düşməndən Xocalı faciəsinin, Ballıqaya, Ağdaban, Qaradağlı qırğınının qisasını almaq, Qarabağı düşmən tapdağından xilas etmək üçün səbirsizlənirdilər.

27 sentyabr günü ordumuz düşmən üzərinə yeridi. Müharibənin ilk günündən Eldar döyüşlərə qatıldı. Azərbaycanın igid əsgərləri xain düşməni məğlub edib, torpaqlarımızı azad etdikcə qürur hissi insana qol-qanad verirdi. Ordumuz kənd və qəsəbələri azad etdikcə, mənfur və hiyləgər düşmən silahlarını ataraq geri çəkilir, əsgərlərimiz qarşısında nə qədər aciz olduqlarını sanki yenicə dərk edirdilər.

Döyüş şiddətləndikcə ölü və yaralıların da sayı artırdı. Düşmənin itkisi isə dəfələrlə çox idi. Əsgərlərimiz xeyli sayda ağır texnikanı qənimət olaraq ələ keçirmişdi. Belə bir vəziyyətdə namərd gülləsi Eldarı yaxaladı. Silahdaşları nə qədər təkid etsə də, Eldar hospitala getməkdən imtina etdi. "Əsgər yarasını torpaq sağaldar" deyib döyüşünə davam elədi. “Vətənin bizə ehtiyacı olan zaman onu kiminsə ümidinə buraxmaq olmaz, sonu ölüm olsa belə son damla qanımıza qədər qorumalıyıq. Bu yolda öldü var, döndü yoxdu! Haydı, irəli!” deyib səsini bir qədər də ucaltdı. Döyüş yoldaşları Eldar üçün narahat olsalar da, Eldarın bu hərəkəti onları qürurlandırdı.

Artıq demək olar ki, Cəbrayılın bütün ərazisi işğalçılardan təmizlənmiş, digər istiqamətlərdə də ordumuz strateji yüksəklikləri ələ keçirmişdi. Eldarın daxil olduğu dəstə isə Füzuli şəhərinə doğru irəliləməkdə idi. Amma düşmənin ən güclü müdafiə olunan səngərlərindən biri məhz həmin istiqamətdə qurulmuşdu. Qızğın döyüş gedirdi. Tankın, topun səsi qulaq batırırdı. Şəhidlərin qisasını almaq üçün hər kəs irəli atılır, sanki öldürmək, ölmək uğrunda mübarizə gedirdi. Eldar da komandiri ilə çiyin-çiyinə əzmlə vuruşurdu. Namərd gülləsi Eldarı yaxalamasaydı hələ neçə-neçə döyüşlərdən zəfərlə çıxacaqdı. Şəhidlərin qanını almaq, hansısa bir zirvəyə bayraq taxmaq üçün fürsət gözləyirdi. Axı həm də hərbi xidmətə yola düşəndə anasına söz vermişdi. Söz vermişdi ki, Qələbə bayrağını dalğalandırmadan geri dönməyəcək. O gün oktyabrın 6-sı idi. Şəhidlik şərbətini içmək Eldara həmin gün qismət oldu. Beləcə o, ruh olub göylərə çəkildi – Tanrı dərgahına sarı...

Eldar qısa və mənalı həyat yolu keçdi. Bu qısa zamanda qanı ilə – qızıl hərflərlə adını tarixə yazdı. Gələcək nəsillər üçün ibrət, örnək olan bir tarix...

Aysu TÜRKEL
gənc yazar, Xəzər rayon MKS-nin fəal oxucusu