Dahi şair və mütəfəkkirin 880 illiyi münasibətilə ölkəmizdə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində müxtəlif qurumlar tərəfindən silsilə tədbir və layihələr həyata keçirilir. Stansiyalarından biri şairin adını daşıyan “Bakı Metropoliteni” QSC də bu münasibətlə layihələr hazırlayıb.

Pandemiya səbəbindən səkkiz aydır bağlı qalan və mayın 31-də açılan paytaxt metrosunun “Nizami” stansiyası sərnişinləri maraqlı sərgi ilə qarşılayıb.

Qeyd edək ki, Bakı metropoliteninin şöhrətini dünyaya tanıtdıran rəmzlərdən biri də “Nizami” stansiyasıdır. Bu stansiya təkcə Azərbaycan memarlığının deyil, eləcə də dünya təsviri sənəti və metro inşaatı sahəsində də öz unikallığı ilə seçilir. Dünya şöhrətli rəssam Mikayıl Abdullayevin eskizləri əsasında kaşı daşlarla işlənmiş Nizaminin portreti və onun ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 18 panno bu məkana daxil olan hər kəsi heyran edən nadir sənət nümunəsidir.

“2021 – Nizami İli” adlanan sərgi stansiyanın giriş meydançasından diqqəti cəlb edir. Stansiya binasının tağlarından birində Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi xatırladılır. Digər tağda isə dahi şairin özü və sənəti haqqında beyti yer alır.

Stansiya vestibülünün kassa zalında bir tərəfdə Nizami Gəncəvi yaradıcılığının ana xəttini təşkil edən “eşq” və “söz” məfhumlarına verdiyi tərif yer alır. Burada şairin dünyəvi, insani dəyər kimi yaradıcılığında yaxşılığı xarakterizə edən misraları bəşər övladını saflığa, xeyir əməl sahibi olmağa çağırır.

Kassa zalının digər tərəfində dünyanın müxtəlif sənət mərkəzlərinin incisinə çevrilmiş 5 miniatür sənəti nümunəsinin fotoreproduksiyası yer alır. Bu miniatürlər Nizami yaradıcılığından bəhrələnmiş Azərbaycan təsviri sənətinin inciləri olmaqla ölkəmizin də zəngin mədəni irsinin göstəricisidir.

Vestibülün eskalator meydançasında şairin sənətinə həsr olunmuş daha 5 miniatür sənəti nümunəsi nümayiş olunur. İlk dəfə nümayiş olunan bu miniatürlərin reproduksiyası “Bakı Metropoliteni” QSC-yə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan təqdim edilib. “Xəmsə”nin nəfis tərtibatlı bu nümunəsi XVII əsrdə Dost Məhəmməd bin Dərviş Məhəmməd əl-Dəraxçı və Yusif Behbehani tərəfindən köçürülüb. Əlyazmadakı miniatürlər məşhur Təbriz miniatür məktəbinə aiddir.

Eskalatorun aşağı meydançasının bir tərəfində “Nizami” bədii filmi (1982) haqqında məlumat və çəkiliş meydançasında fotoşəkillər, digər tərəfdə isə “Nizami” stansiyası haqqında məlumat təqdim olunur.

Nizami yaradıcılığına həsr olunmuş pannoların müşayiəti ilə platformanın orta zalının sonuna doğru irəlilədikcə Nizami portretinin hər iki tərəfində sərgi izləyicilərinə dahi şair və onun “Xəmsə”si haqqında qısa məlumatlar təqdim edilir. Xalq rəssamı Mikayıl Abdullayevin adının olduğu divar yaxınlığında isə püpitr üzərində pannoların müəllifi haqqında məlumat da təqdim olunur.

Stansiya yollarının gözləmə zalının pannoarxası divarlarını dahi sənətkarın yaradıcılığından misralar bəzəyir. Hər pannonun arxa hissəsində izləyicilər həm “Xəmsə”dən beytlərlə, həm də əsərlərin məhz pannolarda təsvir olunmuş hissələrində yer alan və onu təsvir edən misralarla tanış ola bilərlər.

Stansiyanın yol divarlarında təqdim edilən Nizami yaradıcılığından nadir misralar hər birimizi sənətkar dühasının mənəvi aləminə səyahətə dəvət edir.

Bundan əlavə, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi metropolitenin bütün stansiyalarının monitorlarında da xüsusi elektron posterlərlə təqdim olunur.