İyunun 1-də Türkiyənin İstanbul şəhərində “Çağdaş sənət” beynəlxalq sərgisi (Artcontact İstanbul Çağdaş Sanat Fuarı) fəaliyyətə başlayıb.

Sərgi “Artcontact İstanbul Müasir İncəsənət Mərkəzi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul Böyükşəhər Bələdiyyəsi və digər qurumların, mədəniyyət və sənət dərnəklərinin dəstəyi ilə Yenikapı Avrasiya Nümayiş və Sənət Mərkəzində keçirilir.

Mayın 31-də sərgidə ön izləmə və rəsmi açılış mərasimi keçirilib. Pandemiya qaydalarına uyğun şəkildə baş tutan tədbirə məhdud sayda iştirakçı qatılıb.

Əsasən Türkiyədə yaşayan yerli və xarici sənətkarların əsərlərinin nümayiş olunduğu sərgidə bu il dünyanın bir sıra ölkələrindən nümayəndələrin iştirakı nəzərdə tutulur.

10 min kvadratmetr sahəsi olan sərgi zalında müxtəlif ölkələrdən ümumilikdə minə yaxın rəssam və heykəltəraşın əl işləri təqdim olunacaq.

Dünyanın ən böyük incəsənət sərgilərindən olan “Artcontact İstanbul”da “AzArt” – “Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu”nun stendi də qurulub. Burada qardaş ölkədə fəaliyyət göstərən 15 azərbaycanlı rəssamın 100-ə yaxın rəsm əsəri nümayiş olunur.

Qeyd edək ki, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan sərgi COVİD-19 pandemiyası səbəbindən təxirə salınmışdı. Sərgi iyunun 5-dək davam edəcək.

Mehparə SULTANOVA

Ankara