Müsabiqəyə müraciətlər davam edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və RÄNG leyblın tərəfdaşlığı və “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə “Səhnədə” adlı müsabiqə keçiriləcək.

Səhnədə ulduz kimi parlamaq istəyən, səsinə güvənən gənclər üçün unikal şans yaradılıb.

Öz ifaçılıq bacarıqlarını uğura çevirmək arzusu olan, respublikanın bütün rayon və şəhərlərində yaşayan 16-25 yaş arasındakı gənclər 10 iyun 2021-ci il tarixinədək www.gencistedad.az saytı vasitəsilə qeydiyyatdan keçib müraciət edə bilərlər. Müraciətlər əsasında seçilmiş iştirakçılar Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçiriləcək kastinqlərə dəvət olunacaqlar.

Kastinq mərhələsindən uğurla keçən 10 finalçı Bakı şəhərində reallaşacaq möhtəşəm konsert proqramının iştirakçısı olacaq. Müsabiqənin yekununda qalib 3 gənc ifaçı RÄNG leyblı ilə birillik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcək.

Müsabiqənin münsiflər heyəti ölkəmizin musiqi sahəsində tanınan peşəkar simaları – Sevda Ələkbərzadə, Pərviz İsaqov (ProMete) və digər məşhurlardan ibarətdir.

“Səhnədə” müsabiqəsi Azərbaycan Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq.

Səhnədə ulduz olmaq vaxtıdır!