Sabirabad və İsmayıllı Regional Mədəniyyət idarələri və Sabirabad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mayın 31-də "Özü bir, sözü bir Sabir" mövzusunda videokonfrans keçirilib.

Konfrans Azərbaycan tənqidi realist ədəbiyyatının görkəmli nümayəndəsi, böyük satirik şair, maarifçi, pedaqoq Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının (30 may)159-cu ildönümünə həsr olunub.

Tədbirdə Milli Məclisin deputatları Ramin Məmmədov, Tamam Cəfərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mirzə Ələkbər Sabir Fondunun prezidenti, şairin nəvəsi, dosent Sevda Tahirli, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elm şöbəsinin müdiri, sabirşünas İradə Musayeva və başqaları iştirak ediblər.

Çıxışlarda M.Ə.Sabirin şəxsiyyəti və zəngin yaradıcılığı haqqında söz açılıb. Qeyd olunub ki, Sabirin bədii irsi Azərbaycan ədəbiyyatında mühüm yer tutmaqla bərabər, bütövlükdə müsəlman Şərqində intibaha, oyanışa təkan verib.

Vurğulanıb ki, Sabir pedaqoq kimi fəaliyyət göstərməklə yanaşı, öz bədii yaradıcılığı ilə də Azərbaycanda maarifçi təfəkkürün inkişafında mühüm rol oynayıb. Böyük şairin uşaq şeirləri bir əsrdən çoxdur dillər əzbəridir. Onun yaradıcılığı məktəbə, elmə çağırış, ədalətsizliyə, cəhalətə qarşı üsyandır. Şair özünəməxsus deyim-duyum tərzi ilə ədəbi məktəb yaratmış görkəmli söz sənətkarlarımızdandır. Sabir eyni zamanda “Molla Nəsrəddin”çi məfkurənin bayraqdarı olub, tənqidi realist ədəbiyyatımızın zirvəsində dayanmaq haqqı qazanıb.

Tədbirin sonunda “Gənc Sabirçilər” cəmiyyətinin üzvləri şairin satirik şeirlərini səsləndiriblər.