Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında “Nizami Gəncəvi: 880 illik dəyər” adlı onlayn tədbir keçirilib.

Kitabxananın “İnstagram” səhifəsi üzərindən yayımlanan tədbir “Nizami” (1982) filmindən qısa fraqmentlə başlayıb.

Kitabxananın əməkdaşı Alina İsmayılova dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradıb, Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini burada ərsəyə gətirib. Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.