Mayın 31-də UNESCO-nun qərargahında “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına üzv dövlətlərin Konfransının 8-ci sessiyası işə başlayıb. Onlayn formatda keçirilən konfransda ölkəmiz Mədəniyyət Nazirliyi və UNESCO yanında daimi nümayəndəliklə təmsil olunur.

İyunun 4-dək davam edəcək konfransda Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin 2022-2023-ci illər üçün fəaliyyətini dəstəkləyən strateji istiqamətlər müəyyənləşdiriləcək. Komitənin 12 yeni üzvü seçiləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökumətlərarası Komitənin (2019-2023-cü illər üzrə) üzvüdür.

Konvensiyanın 148 üzv dövləti və Avropa Birliyi, 2019 və 2020-ci illərdə üzv dövlətlərin təqdim etdiyi dördillik dövri hesabatları nəzərdən keçirilərək, 2005-ci il Konvensiyasının dünyada tətbiq olunma vəziyyəti araşdırılacaq. Sessiyada incəsənət və mədəniyyət mütəxəssislərinin statusu, rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyinin qorunması, mədəni məhsullara və xidmətlərə üstünlük verilməsi də daxil olmaqla COVİD-19 pandemiyası ilə gündəmə gətirilən məsələlərə də baxılacaq.

“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” UNESCO Konvensiyası 20 oktyabr 2005-ci ildə qəbul olunub. Konvensiyanın qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət rəsmi olaraq incəsənət nümayəndələri və mədəniyyət sahəsi üzrə mütəxəssislər tərəfindən formalaşdırılan müasir mədəni özünüifadənin ikili xarakterini, yəni mədəni və iqtisadi dəyərini tanımış olub. Azərbaycan 2010-cu ildən bu Konvensiyaya qoşulub.