Moskvadakı “Azərbaycan” pavilyonunda uşaq rəsmləri sərgisi açılıb
İyunun 1-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilmiş “Ustad Erzianın dünyaları. Bakı” adlı uşaq rəsmləri sərgisi açılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə müxtəlif ölkələri təmsil edən, heykəltəraş Stepan Erzianın yaradıcılığından ilhamlanmış uşaqların 50 işi nümayiş etdirilir.
Sərgidə Moskva, Bakı, Saransk, Genuya, Tallinn və başqa şəhərlərdən 6-16 yaşlı uşaq və yeniyetmələr iştirak edirlər. Sərgiyə gələnlər rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət janrlarında işlərlə tanış olacaqlar.
Açılış mərasimində müsabiqənin Bakıdan olan qalibləri onlayn rejimdə təltif edilib, tədbirin qonaqlarına heykəltəraş Stepan Erzianın həyat və yaradıcılığından bəhs edən kiçik tanıtım filmi göstərilib.
Stepan Erzia adına Beynəlxalq İncəsənət Fondunun tərəfdaşı olan “İNV Models” uşaq model agentliyi moskvalı məşhur dizayner Anastasiya Mişinanın “Çiçək kolleksiyası” adlı moda dəstini təqdim edib.
Sərginin kuratoru Stepan Erzia adına Beynəlxalq İncəsənət Fondunun art-direktoru Vlada Prosvirkinadır.
“Ustad Erzianın dünyaları. Bakı” sərgisi XX əsrin görkəmli heykəltəraşı Stepan Dmitriyeviç Erzianın (1876-1959) 145 illiyinə həsr edilib. Onun həyat və yaradıcılığı Azərbaycanla sıx bağlı olub.
“Ustad Erzianın dünyaları” Beynəlxalq uşaq yaradıcılığı müsabiqəsi 2016-cı ildə heykəltəraşın adını daşıyan fondun təşəbbüsü ilə təsis edilib. İlk müsabiqədə Rusiya, Azərbaycan, İtaliya, Estoniya, Argentina və digər ölkələrdən gənc rəssamlar iştirak ediblər. Fond müsabiqə çərçivəsində uşaqlara heykəltəraş Stepan Erzianın həyat və yaradıcılığının motivləri əsasında öz əsərlərini yaratmağı təklif edir. Xüsusi komissiya bu işləri seçir, onların ən yaxşıları fondun kolleksiyasında qalır və sonradan Rusiya şəhərlərində, habelə xarici ölkələrdə sərgilərdə nümayiş etdirilir.
“Ustad Erzianın dünyaları. Bakı” adlı müsabiqə Erzia Fondunun və Heydər Əliyev Mərkəzinin “Heykəltəraş Erzia və onun bakılı şagirdləri” adlı yeni birgə Rusiya-Azərbaycan mədəni layihəsinin tərkib hissəsidir. Bu layihənin 2022-ci ildə Bakıda reallaşdırılması nəzərdə tutulur.
Müsabiqə çərçivəsində uşaq işlərinin eyniadlı səyyar sərgisi formalaşıb. Sərgi 2020-ci ildə Moskvada nümayiş etdirilib və “Saf rənglər” adlı Beynəlxalq uşaq-gənclər təsviri yaradıcılıq festivalı çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında göstəriləcək.