Azərbaycanın bu dilbər guşəsində turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar var
Ölkəmizin əlverişli təbii şəraiti, geniş turizm potensialı olan bölgələrindən biri də Qazax rayonudur. Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramına müvafiq olaraq rayonumuzda turizmin bir neçə növünün inkişafı üçün imkanlar var. Məsələn, rayonun Fərəhli və Aşağı Salahlı kəndlərindəki təbii və mədəni resursların mövcudluğu Dövlət Proqramının «Müalicəvi su və digər mənbələrin olduğu ərazilərdə rekreasiya-yerləşdirmə obyektlərinin tikintisi» bəndinə tam uyğun gəlir.
Rayon mərkəzindən 20 km qərbdə yerləşən Fərəhli kəndinin insan həyatı üçün daim zəruri olan coğrafi mühiti, yəni saf suyu olan bulaqları, dağ-çəmən landşaftlı ərazisi, geniş meşə massivi və yerin təkindən çıxan müalicəvi su turistlər üçün ən əlverişli şərait hesab olunur. Rayon mərkəzindən 17 km şimalda, Tuqay meşələrinin əhatəsində və Kür çayının sahilində yerləşən Aşağı Salahlı kəndi isə balıq və quş ovçuları üçün əlverişli məkan hesab edilir. Kəndin ərazisində turizmin inkişafı üçün təbii-mədəni resurslar - ilk dəmir dövrünə aid «Gümbültülü təpə» adlı ölkə əhəmiyyətli arxeoloji abidə, yerin təkindən çıxan şəfaverici müalicəvi su var.
Hər iki kəndin ərazisində müasir tələblərə cavab verən balneoloji sanatoriyanın və rekreasiya-yerləşdirmə obyektlərinin inşası müalicə turizmi ilə kənd turizminin inkişafına təkan vermiş olardı.
Aslanbəyli kəndində 1893-cü ildə inşa edilmiş, Qazax, Gəncə və Borçalı ellərində «Göy türbə» kimi tanınan Hacı Mahmud əfəndinin türbəsi həm də xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin sayı-hesabı bilinmir. Dini turizm və kənd turizminin inkişafı üçün əsl potensial olan bu məkanda daha iki memarlıq abidəmiz var: Hacı Mahmud Əfəndinin vaxtilə yaşadığı evi və 1909-cu ildə inşa edilmiş məscid.
Rayon mərkəzində ən müasir standartlara cavab verən Olimpiya İdman Kompleksi və İdman Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Bu obyektlərdə zəruri yerləşdirmə infrastrukturunun da mövcudluğu idman turizminin inkişafına mühüm zəmin yaradır.
Ətraf mühitin, yerli bitki və heyvanat aləminin qorunub saxlanılmasını, habelə mənzərəli yerlərin toxunulmaz və təbii halda qalmasını arzulayırıqsa, onda ekoturizmə müraciət eməliyik. Rayonun ərazisində olan çoxlu sayda bulaqların, üç dəryaçanın, bir neçə mövsümi və üç daimi axan çayların, 4 min hektara yaxın meşə fondunun mənfi təsirlərə məruz qalmaması və su hövzələrinin çirklənməməsi üçün ekoturizmin inkişaf etdirilməsi çox vacibdir.
İnkişaf etdirilməsi nəzərdə tutulan turizm növlərindən biri də atüstü turizmdir. İnsan sağlamlığı üçün çox xeyirli olan atla gəzinti rayonumuz üçün olduqca xarakterikdir. Bölgəmiz qədimdən indiyədək özünün yerli «Dilboz» cinsli atları ilə fəxr edib. Rayonda 1948-1958-ci illərdə Atçılıq Texnikumu, 1987-1993-cü illərdə isə «At İdman Məktəbi» fəaliyyət göstərib. Yəni atçılıq sahəsində müəyyən təcrübələr əldə etmiş rayonun həm də kifayət qədər abidələri və mənzərəli landşaft müxtəlifliyi atüstü turizmin inkişafına imkan verir. Bu sahənin inkişaf etdirilməsi üçün lazımi resurslara malik olan bölgədə atçılıq turizm mərkəzinin yaradılması da nəzərdə tutulub. Mərkəzin yerləşəcəyi məkanı və atlı səyyahın hərəkət edəcəyi marşrutun xəritəsini də hazırlamışıq. Təklif etdiyimiz marşrut ekzotik görüntülü Ağstafaçay dəryaçasının ətrafında yerləşən Cəfərli kəndindən başlamaqla 11 memarlıq, 8 arxeoloji, 4 bulaq, 3 təbiət abidəsi və təbiətin bir sıra mənzərəli guşələrini əhatə edir.
Dövlət Proqramında diqqət çəkən məqamlardan biri də tarix-memarlıq və mədəniyyət qoruqlarının ərazilərində müasir turizm infrastrukturunun yaradılmasıdır. Rayonda 1989-cu ildən fəaliyyət göstərən «Avey Dövlət Tarix Mədəniyyət qoruğu»na aid ərazilərdə müasir turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Qoruğun «Damcılı» adlı filialı ərazisində çoxlu sayda mağara və bulaqların mövcudluğu burada ekskursiya turizminin də inkişaf etdirilməsinə imkan verir. Məsələn, Damcılı bulağının üstündəki, nəhəng qayalıqlarda yerləşən əlçatmaz mağaranın içərisini görmək istəyi bura gələnlərin hər birinin arzusudur. Lakin oraya çıxmağın mümkün olmadığını anlayanlar üçün bu, elə arzu olaraq da qalır. Əgər aşağıdan mağarayadək yüksək təhlükəsizlik təminatı olan metal konstruksiyalı pilləkənlər quraşdırılsa, bu həm xidmət sahəsinin genişlənməsinə, turistlərin arzularının çin olmasına səbəb olar, həm də əldə edilən qazanc hesabına bu məkanın digər infrastrukturlarını (kanalizasiya, yol şəbəkəsi və s.) qurmaq, yaratmaq mümkün olar. Bu fikirlər eynilə Məmməd Koxa bulağından yuxarıda yerləşən Koroğlu mağarasına da aiddir.
Qoruğun «Göyəzən» filialının ərazisindəki Göyəzən dağı təbiət abidələrinin ən məşhurudur. Bu dağ Mərkəzi Amerikada yerləşən Martinika adasındakı Montan Pele dağından sonra ikinci nadir geoloji təbiət abidəsidir. Morfoloji xüsusiyyətlərinə görə vulkan mənşəli olan dağın hündürlüyü dibindən zirvəsinədək təxminən 250 metrdir. Dağın şərqə baxan hissəsinin gövdəsində hələ indiyədək tədqiq olunmamış, hansısa dövlətin möhtəşəm qala divarları və bir neçə əlçatmaz mağaranın mövcudluğu insanı heyrətə gətirir. Sərt qayalıqlardan ibarət olan bu dağda ekstremal alpinizmin inkişafı üçün əlverişli şərait var.
Rayonda mədəni turizmin inkişafına müsbət təsirləri olan mədəniyyət obyektləri də ziyarətçilər üçün maraq kəsb edə bilər. Bu sırada Qazax Dövlət Dram Teatrı, Tarix Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı ilə geniş tanışlıq imkanı yaradan Poeziya Evi, böyük öndər Heydər Əliyev irsinin gələcək nəsillərə olduğu kimi çatdırılmasını təbliğ edən Elm Mərkəzini qeyd etmək olar.
1918-1959-cu illəri əhatə edən fəaliyyəti dövründə 3 minədək müəllim kadrı hazırlayıb xalqın xidmətinə göndərmiş Qazax Müəllimlər Seminariyası ilə tanışlıq, seminariyada S.Vurğunun oxuduğu sinif otağını, böyük şairin əyləşdiyi partanı görmək ziyarətçilər üçün zəngin təəssürat deməkdir.
Mədəni turizmin inkişaf etdirilməsində mühüm önəm kəsb edən məqamlardan biri də tarix və mədəniyyət abidələrinin ziyarətçilərə yüksək səviyyədə təqdim olunmasıdır. Bunun üçün abidələrin ilkin tarixi görkəminin qorunub saxlanması təmin olunmalı, onların yaxınlığına gedən yollar abadlaşdırılmalıdır.
Respublikamıza qərb tərəfdən daxil olan və öz səyahətini ilkin olaraq Qazax rayonunun II Şıxlı kəndindən başlayan mədəni turizm həvəskarları Xram çayının üzərindəki körpünün möhtəşəmliyini görüb heyrətə gələcək.
Turizm üçün əsl potensial olan bu memarlıq incisi XII əsrdə inşa olunmaqla dünya əhəmiyyətli abidələr qrupuna daxildir. Lakin körpünün qəza vəziyyətində olması onun bu ziyarətin təəssüratını heçə endirir. Körpü ağır tonnajlı avtomobillərin davamlı hərəkətlərinə tab gətirməyib və onun girəcək hissəsi çöküb. İki ildir ki, körpü bərpaçıların yolunu gözləməkdədir.
Bu kənddə XIX əsrə aid 2 türbəni də ziyarət edən qonağımız yolboyu kəndlərdəki abidələrimizlə də tanış olmaq üçün səfərini davam etdirir. Onun ziyarət edəcəyi abidələrin siyahısı belədir:
I Şıxlı kəndində: Şair M.V.Vidadinin 1970-ci ildə qoyulmuş qəbirüstü abidəsi (bərpa - təmir işlərinə ehtiyac var), İtaliyanın milli qəhrəmanı, əfsanəvi Serafinonun - Tahir İsayevin ev-muzeyi, qədim Gəmiqaya qəbiristanlığında daş qoç fiquru və XIX əsrə aid üç türbə.
Yuxarı Salahlı kəndində: M.P.Vaqifin 1947-ci ildə yaradılmış monumental xatirə heykəli. Aşağı Salahlı kəndində: Dəmir dövrünə aid edilən «Gümbültülü təpə» arxeoloji abidəsi.
Daş Salahlı kəndində: VII-əsrə aid Alban məbədi (onun təmir-bərpa işlərinə ehtiyac hədsizdir), paleolit dövrünə aid, dünya əhəmiyyətli Damcılı mağara düşərgəsi.
Abbasbəyli kəndində: İlk orta əsrlərə aid yaşayış məskəni «At daş fiquru» və Göyəzən dağındakı antik dövrə aid qala divarları.
Xanlıqlar kəndində: Tunc dövrünə aid dünya əhəmiyyətli Baba - Dərviş arxeoloji abidəsi və VI - VII əsrlərə aid ölkə əhəmiyyətli «Didəban» qülləsi (gözətçi məntəqəsi).
Qazax şəhəri üzrə: görkəmli yazıçı-şairlərin (S.Vurğun, M.P.Vaqif, M.V.Vidadi, İ.Şıxlı) monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri, M.P.Vaqifin xatirə-muzeyi, «Kitabi Dədə Qorqud»un 1300 illiyinə həsr edilmiş monumental abidə kompleksi, tarixi memarlıq abidələri (Çingiz ağanın evi - XIX əsrin sonu, Qoşa gümbəzli «İsrafil ağa hamamı»- 1903, Rus pravoslav kilsəsi - 1898 və s).
Beləliklə, sadalananlardan aydın olur ki, Qazax rayonunda turizmin əksər növlərinin inkişafı üçün böyük potensial imkanlar mövcuddur. Bu potensialın hərəkətə gətirilməsi nəticə etibarilə həm rayonun sosial-iqtisadi rifahına, həm də Azərbaycanın ümumi turizm sektoruna mühüm töhfə ola bilər.
Nofəl Qurbanov,
Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsində Baş abidə mühafizi