İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən biri də Horadiz (Füzuli rayonu) Mincivan-Ağbənd Zəngilan rayonu, Ermənistanla sərhəd) avtomobil yoludur. Yolun inşasının 2023-cü ildə başa çatması nəzərdə tutulub.

Bu barədə inşaatı həyata keçirən “Kalyon Holding”in (Türkiyə) Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım jurnalistlərə məlumat verib. O bildirib ki, bu istiqamətdə yol layihələrindən biri Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, digəri isə Horadiz-Mincivan-Ağbənd dəmiryoludur: “Hər iki layihəni firmamızın keyfiyyətinə uyğun olaraq zamanında başa çatdıraraq azərbaycanlı qardaşlarımızın istifadəsinə verəcəyik. Avtomobil yolu 124 km, dəmir yolu 114 km-dir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yolların mənəvi olaraq da çox böyük önəmi var. Bildiyiniz kimi, bu yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvan ərazisindən keçən 170 km-lik yollarla İğdırdan Bakıya birbaşa bağlanacaq ən vacib ticarət və turizm yolu olacaq. Bu işi vaxtında çatdırmaq üçün hər cür hazırlığı görürük”.

N.Yıldırım deyib ki, avtomobil yolu ilə bağlı müqavilədən sonra inşaat işlərinə başlayıblar: “Qarşımıza çıxa biləcək ən əsas problem ərazidəki minaların təmizlənməsidir. Bildiyiniz kimi, minaların təmizlənməyi bizim üçün çox vacibdir. Bu yolu inşa edərkən heç bir işçimizin zərər görməsini istəmirik. Bu səbəbdən mina təmizlənməsi bitdikdən sonra bütün əməkdaşlarımızla yolun ən tez zamanda bitməsi üçün çalışacağıq. 2023-cü ilin iyununda yolumuzun açılışı olacaq”.