Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ölkəmizdə səfəri çərçivəsində həmkarı – Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol-nəqliyyat layihələri ilə tanış olub.

Türkiyəli nazirə Horadiz-Ağbənd dəmiryolu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihələri, eləcə də Füzuli Beynəlxalq Hava Limanı layihəsi üzrə hazırda görülən və planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.

İki dövlət arasında dostluq və qardaşlığın təməlinin dərin köklərə, ortaq mədəniyyətə söykəndiyini bildirən Adil Karaismailoğlu Türkiyə və Azərbaycanın rabitə-nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini deyib. A.Karaismailoğlu Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Qarabağın infrastrukturunun bərpasında xüsusilə əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Nazirlərə məlumat verilib ki, Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan birinci texniki dərəcəli magistral avtomobil yolu çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun 86 kilometrini təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 6 km olacaq. Yolun ilk 48 km-i 6, 48-84,6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Yolun inşası 4 hissə üzrə aparılır. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü kilometrlik hissələri, subpodratçı şirkət olaraq “Azvirt” MMC-in inşa etdiyi 34-51-ci kilometrlik hissə və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən inşası aparılan 51-84,6 kilometrlik hissəsidir.

“Azərbaycanın Zəfəri bizim Zəfərimizdir. Biz buna çox sevinirik” – deyə Adil Karaismailoğlu bildirib. Nazir vurğulayıb ki, Türkiyədə əldə etdiyimiz bilik və bacarıqlarımızı, təcrübələrimizi işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinə yönəldəcəyik: “Nəqliyyat dəhlizləri, dəhlizlərin təməlləri nə qədər möhkəm olarsa, ölkənin iqtisadiyyatı, inkişafı da o qədər dinamik olar. İki qardaş ölkə bundan sonra da birlikdə nəqliyyat sahəsində böyük layihələrə imza atacaq. Bölgənin inşasına, iqtisadiyyatına, inkişafına öz töhfəmizi verəcəyik”.