Əməkdar rəssam Ənvər Əsgərovu (1940–2014) ötən əsrin 60-cı illərindən Azərbaycan təsviri sənətində öz izi olan fırça ustalarından hesab edirlər. Monumental sənaye kompozisiyaları, kamera tipli həndəsi natürmortları rəssama böyük sənət şöhrət qazandırıb.

Ənvər Əsgər oğlu Əsgərov 1 iyun 1940-cı ildə Qəbələ rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra sənədlərini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə verir. Zəngin ənənələri olan bu təhsil-sənət ocağında Barat Maratlı, Kamil Xanlarov və Lətif Feyzullayev kimi tanınmış rəssamlardan sənətin sirlərini öyrənir. Təhsilini başa vurduqdan sonra Sankt-Peterburq şəhərində V.Muxina adına Ali Sənaye Rəssamlığı İnstitutunda təhsil alır. Məzun olduqdan sonra Vətənə qayıdır. 

Ənvər Əsgərov yaradıcılığının ilk dövrlərində sənaye mövzulu mənzərələr çəkir. Rəssamın “Neft istehsal edən Bakı” adlı əsəri lirik və zərifliyi ilə diqqəti çəkir. Onun əl işləri qeyd olunan istiqamət üzrə Bakının vizit kartına çevrilir. Bir müddət sonra müəllif “Borular” adlı əsəri ilə sərgilərə qatılır. Bu dövr ərzində onun yaradıcılığı zənginləşir və özünəməxsus cəhətləri ilə sənət mühitində maraq doğurur.

Bir müddət sonra rəssamın yaradıcılığında kamera tipli həndəsi natürmortlar geniş yer tutmağa başlayır. Forma baxımından çox sadə olan bu əsərləri sonradan op-art (optik sənət) üslubunda işlənmiş rəsmlər əvəz edir. Rəssamın 1973-cü ildə çəkdiyi “Abşeronun orqanı” əsəri SSRİ-də gənclərin populyar nəşri olan “Smena” jurnalının üz qabığını bəzəyir.

Ancaq zaman ötdükcə Ənvər Əsgərovun sənət dünyasında müəyyən dəyişiklik baş verir. O, maraqlı həndəsi natürmortlar çəkir. Bunların sırasında “Oyun”, “Musiqi anı”, “Dalğalı düşüncələr”, “Rola daxil olan” əsərləri maraqla qarşılanır. Sənətşünaslar qeyd ediblər ki, onun hər bir rəsm əsərində xüsusi məna canlanır. Buna görə də həmin əsərlərə uzun zaman baxmaq lazım gəlir. Çünki sənətkar əsərlərində mürəkkəb həndəsi fiqurları çox dəqiq və simmetrik şəkildə verməyə nail olub. Onun əsərləri təkcə öz süjeti, rənglərin məna çalarları ilə deyil, həm də öz qabaritləri ilə diqqət çəkib. 

Sənətşünas Dilarə Vahabova rəssamın yaradıcılığından bəhs edərkən yazır: “Ənvər Əsgərovun rəsmləri mənə sehrli yuxuları xatırladır. Sanki kraliça Alisa kimi rahat və asan şəkildə ora köçə bilirsən. Onun meşəliyində sən asanlıqla Çeşir pişiyinə və Qara qaza rast gələ bilərsən”.

Araşdırmalarda o da qeyd edilir ki, Ə.Əsgərovun rəsm əsərləri müasir dünya üçün də aktualdır. 2012-ci ildə Heydər Əliyev Fondunun layihəsi üzrə Böyük Britaniyada keçirilən “Fly to Baku” (“Bakıya uçuş”)  müasir Azərbaycan incəsənəti sərgisində onun əsərləri xüsusilə maraq doğurub. “Nə? Harada? Nə zaman?” verilişinin iştirakçısı Maksim Potaşeyev deyib: “Mənim bu rəssamın yaradıcılığından xoşum gəlir. Onun əsərlərində gizli mənanı tapmağı sevirəm. Rəsmlərində sərgilədiyi gizli mənalar Vladimir Voroşilovun tapmacalarını xatırladır. Qeyd edim ki, onun özü də ixtisasca rəssam idi. Ənvər Əsgərovun rəsmlərindən birini, mütləq  öz kabinetimdən asacam...”.

Sənətkar 1968-ci ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub. 1993-cü ildə Soltan Məhəmməd mükafatına layiq görülüb. 1998-ci ildə Vaşinqtonda keçirilən “World Bank Art” adlı sərgidə əsərləri nümayiş etdirilib və bir neçə əsəri ABŞ kolleksiyaçıları tərəfindən alınıb. 2009-cu ildə Bazel şəhərində (İsveçrə) keçirilən “Baku Unlimited” adlı sərgidə Ənvər Əsgərovun əsərləri də nümayiş etdirilib.

Sənətdə öz yerini, yaradıcılıq yolunu tapan Ənvər Əsgərovun əsərlərinə diqqət yetirdikcə onun fantaziyasının sərhədsiz olduğunu görürsən. Yamyaşıl rəngli meşələrin təsviri əsərlərində mistik bir məna ilə duyulur. Bu lövhələr nə qədər real olsa da, onları realist üsluba yalnız şərti mənada aid etmək olur. Əsərlərinin təbiiliyi tamaşaçıya sanki təzə-tər yarpaqların qoxusunu çatdırır.

Rəssamın palitrasında əsasən yaşıl rəngin müxtəlif çalarları üstünlük təşkil edir. Rənglər tablolarda bir-biri ilə üzvi şəkildə üst-üstə düşür. Düşünürsən ki, onlar rəssam tərəfindən deyil, təbiətin özü tərəfindən işlənib. Özünəməxsus yaradıcılıq üslubu və orijinal tərzdə işlənmiş tabloları ilə rəssam tamaşaçılara və sənətsevərlərə sənət zövqü yaşadır.

Ənvər Əsgərovun səmərəli bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib, 2000-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb.  Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Rusiya Mədəniyyət Nazirliyinin fondunda və Böyük Britaniya, Türkiyə, İsveçrə, ABŞ-da şəxsi kolleksiyalarda saxlanılır. Sənətkar 2014-cü ildə, 74 yaşında vəfat edib.

2015-ci ildə Bakıdakı Muzey Mərkəzində Ənvər Əsgərovun “Urbi et Orbi” adlı fərdi sərgisi açılıb. 2016-cı ildə “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil olunan “Müqavimət haqqında 300 söz” və “Kiçik yalanlar” adlı sərgilərində də rəssamın əsərləri nümayiş olunub.

Savalan FƏRƏCOV