Roma şəhərində, dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin də ucaldığı “Villa Borghese” parkındakı məşhur “Casa del Cinema” kino evində mayın 27-dən başlayan üçüncü Azərbaycan Film Festivalı başa çatıb.
Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı Səfirliyi, Mədəniyyət Nazirliyi, Roma Meriyası, “Casa del Cinema”, “Zetema”, “RAİ Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən festival Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr edilib. Festivalın media tərəfdaşları İtaliyanın “Askanews”, “Agenzia Nova” xəbər agentlikləri, “İnsideOver” portalı, “AzerbaijanNews” portalı, AZƏRTAC və AzTV olub.
Üç gün davam edən festivalın açılışında Arzu Əliyevanın baş prodüseri olduğu, Bakı Media Mərkəzi tərəfindən lentə alınmış, Azərbaycan Xalq Cümhuriyyətinin süqut etdiyi günlərə işıq salan “Son iclas” sənədli-bədii filmi göstərilib. İkinci gün Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi (baş prodüser Arzu Əliyeva) təqdim edilib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri olduğu “Əli və Nino” bədii filmi nümayiş olunub.
Festivalın sonuncu günü “Qırmızı bağ”, “Axınla aşağı” və “Təhminə” bədii filmləri nümayiş etdirilib.
İtaliyada COVİD-19 ilə bağlı qüvvədə olan qaydalara uyğun şəkildə təşkil edilmiş festival, 2017 və 2019-cu illərdə müvafiq olaraq birinci və ikinci buraxılışlarındakı kimi, bu dəfə də italyan tamaşaçıların marağına səbəb olub. İtaliya mətbuatı tədbirə geniş diqqət ayırıb. “Il Messaggero”, “Askanews”, “Il Sole 24 Ore”, “Il Tempo”, “Affari İtaliani”, “Libero Quotidiano”, “Notizie Tiscali”, “İtaly24News” və sair kimi informasiya vasitələrində, “Casa del Cinema”, “Turismo Roma”, “Culture Roma” kimi Romanın mədəni həyatını əks etdirən portallarda, eləcə də kino sektorundan yazan bloqlarda festivalla bağlı 40-dan çox yazı və videoreportaj yayılıb.