Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyevdə, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

Bununla bağlı Azərbaycanın Ukraynadakı Səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumu ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova və Kiyev Milli Universitetinin rektoru Vladimir Buqrov imzalayıblar.

Elmira Axundova bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək Ukraynanın Xarkov və Kiyev şəhərlərində şairin heykəlinin ucaldılması nəzərdə tutulur. Səfir abidənin ucaldılmasına verdiyi dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib: “Bu, bir daha Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir”.

Elmira Axundova diqqətə çatdırıb ki, heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədovdur.

Rektor Vladimir Buqrov qeyd edib ki, Nizami Gəncəvi kimi dahi mütəfəkkirin Kiyevdə heykəlinin ucaldılmasından məmnundur. Bu hadisə Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək: “Ukraynada Azərbaycanın tanınmış simalarının abidələri olduğu kimi, Azərbaycanda da ölkəmizin tarixi şəxsiyyətlərinin heykəlləri mövcuddur. Bu praktikanı inkişaf etdirmək yalnız xoş təəssürat yaradır”.

Tədbirdə iştirak edən Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev heykəl ətrafında fəvvarən salınacağını, oraya gələn şəhər sakinlərinin istirahəti üçün digər müvafiq işlərin görüləcəyini deyib.

Qeyd edək ki, 2019-cu ildə Kiyevin Xalqlar dostluğu bulvarında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli ucaldılıb. Azərbaycanın Ukraynadakı Səfirliyinin sifarişi ilə ucaldılan abidənin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş Seyfəddin Qurbanovdur.