Buker mükafatı Fransa yazıçısına verilib

 

İngilis dilində ədəbiyyat üzrə ən nüfuzlu mükafat sayılan Beynəlxalq Buker mükafatının (İnternational Booker Prize) builki qalibi Fransa yazıçısı David Diop olub. Yazıçının “Gecə bütün qanlar qara rəngdədir” romanı mükafata iddia edən altı əsər arasından seçilib. Əsəri ingilis dilinə Anna Moşovakis tərcümə edib.

Roman Birinci Dünya müharibəsində Fransa cəbhəsində vuruşan iki seneqallı haqqındadır. Baş qəhrəman cadugərlik və ovsunçuluqda ittiham edilir.

2005-ci ildən təsis olunan Beynəlxalq Buker mükafatı ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. 50 min funt-sterlinq məbləğində olan mükafat müəllif və tərcüməçi arasında bərabər bölünür.

2021-ci il üçün Buker mükafatına iddiaçılar arasında argentinalı Marianna Enrikes, ispan Bencamin Labutat, Danimarkadan Olqa Ravn, rus yazıçısı Mariya Stepanova və daha bir fransız Erik Vuyard (Vuillard) vardı. Onların hər birinə və əsərlərinin tərcüməçilərinə  1000 funt-sterlinq veriləcək.