Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsi üzrə məktəbində 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli çıxış edib.
Sonra BXA-nın tam orta, orta ixtisas və bakalavriat təhsil pillələrinin şagird və tələbələrinin ifasında “Laçın” xalq mahnısı, Nino Rotanın “Mazurka”, Fərhad Bədəlbəylinin “Prelyudiya”, Tofiq Quliyevin “Yaylıqlarla rəqs” əsərləri, “Flamenqo” ispan xalq rəqsi, özbək rəqsi, “Buratino” və digər rəqslər ifa olunub.
Tədbirin sonunda “İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri olmuş tam orta təhsil pilləsinin şagirdləri diplom və hədiyyələrlə mükafatlandırılıb.
Həmçinin Şuşa şəhərində keçirilmiş “Xarıbülbül” musiqi festivalında fəal iştirakına görə BXA-nın müəllimləri – Əməkdar artist Eteri Cəfərova, Viktoriya Şahmuradova və Fidan Ramazanovaya təşəkkürnamələr təqdim olunub.