Sənət haqqında məntiqli deyimlərdən biri də məşhur rus yazıçısı Lev Tolstoyun “Həqiqi sənətkar təkcə başının ağlı ilə deyil, həm də ürəyinin ağlı ilə yaşayır” fikridir. Azərbaycan teatr və kino sənətindəki fəaliyyətində ürəyinin ağlı ilə qəlblərə yol tapan Əməkdar artist Hamlet Xanızadənin bir-birindən maraqlı, baxımlı obrazları da tamaşaçını düşündürüb, sənətin mahiyyətini anladıb. 

Sənəti də, sənətkarı da xalq sevir, dəyərləndirir, ucaldır, yaşadır. Teatr, kino sənətimiz üçün böyük bir tapıntı olan Hamlet Xanızadə istedadından pay böldüyü rolları ilə addım-addım yaxınlaşdı sənət zirvəsinə. Zəhməti, çalışqanlığı sayəsində zərrə-zərrə qazandı milyonların rəğbətini. Ekrandakı görünüşü ilə belə qəlblərdə alqışlandı, ucalığını qorudu, əbədiliyini yaşatdı.

Sənət üçün doğulmuşdu o. Qismətinə yazılan 49 illik ömür payının 29 ilini həsr etdiyi sənətində də həyat müşahidələrindən yaranan nigarançılığını yaradıcılığında təhlil edib, düşüncələrə doğru təlimat verməyi bacarmışdı. Sənət uğuru müsbət mənəvi keyfiyyətlərindən qaynaqlanan ustad aktyoru dünyaya gəlişinin 80-ci ildönümündə xatırlamağı özümüzə borc bilirik.

 

Uğurlu başlanğıc

 

Dövlət Teatr İnstitutunda təhsil (1961-1965) alarkən, üçüncü kursdan peşəkar səhnəyə çıxan Hamlet Xanızadə sonrakı yaradıcılığında da teatr və kino sənətimizin  keşiyində durdu, vətəndaşlıq mövqeyindən çıxış edərək məsləyini ali səviyyədə təqdim etdi. Milli Dram Teatrında işlədiyi (22 il) vaxtlarda, çağdaş və klassik əsərlər əsasında hazırlanan tamaşalarda zəngin yaradıcılıq bioqrafiyası yaratdı, paralel olaraq “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 80-ə yaxın ekran əsərində (bədii film və Mozalan süjeti) maraqlı, koloritli obrazları canlandırdı, eləcə də müxtəlif rolları səsləndirdi.

Hamlet Xanızadəni görkəmli kinorejissor Həsən Seyidbəylinin kinoda kəşfi adlandıra bilərik. Onun ekranlaşdırdığı “Möcüzələr adası” filmində debüt edən (Sadıq) aktyorun kiçikplanlı rolla olan uğurlu başlanğıcı rejissorun daha iki ekran əsərində (“Bizim Cəbiş müəllim” – Kapitan, “O qızı tapın” – Dadaş Salayev) yaddaqalan obrazlar yaratmasına yol açır. Aktyorun növbəti filmlərdə özünəməxsus üslub və formada oynadığı İmaş (“Arxadan vurulan zərbə”), Xəlifə Mötəsim (“Babək”), Gizir (“Yeddi oğul istərəm”), bolşevik  (“Qatır Məmməd”), Talıbov (“Axırıncı aşırım”), Raki (“Qərib cinlər diyarında”), Qiyas (“İmtahan”), Xəstə, Sədi Əfəndi, Şair (“Qətl günü”) və digər ekran obrazları müxtəlif dövr (real və düşünülmüş) hadisələrinin inandırıcı təsir bağışlamasına səbəb olur. Televiziya tamaşalarında oynadığı xarakterik rolları (Qasım kişi – “Qatarda”, Topal Teymur – “Topal Teymur”), eləcə də dublyaj fəaliyyəti ilə (“Gözlə məni”də bəy, “Dədə Qorqud” da Qıpçaq Məlik və s.) fərdi istedadını, sənət bilgisini dönə-dönə sübut edir. 

 

Sənətkar haqqında düşüncələr

 

Teatr və kino obrazlarını yüksək peşəkarlıqla təqdim edən aktyorun ömür yoluna bələdçilik edən sənət dostlarının hər birinin “Babək” filmindəki Xəlifə Mötəsim rolunu xatırlaması təəccüb doğurmayaraq, məşhur kinorejissor Alfred Hiçkokun “Filmdəki mənfi qəhrəman nə qədər güclü alınıbsa, film də o qədər yaxşıdır” fikrini yada salır. 

Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov: “Hamlet Xanızadənin kino sənətimizdə özünəməxsus yeri, izi  var. O, mənim çox yaxın dostum idi. Onu bir neçə filmdə çəkmişəm. Birlikdə işlədiyimiz filmlərdən biri də “Özgə ömür” filmidir. Filmdə kiçikplanlı rol olan sürücü Əmənulla obrazını canlandırıb. Məşhur rus aktyoru Aleksandr Kalyaginlə tərəf-müqabil idi. Kalyagin onun haqqında qeyd edirdi ki, “o, kadrda olduqca təbiidir və onunla ünsiyyətdən məmnunluq hissi duyursan”.

Bundan başqa, onunla “Bircəciyim” (Məcidov), “Xüsusi vəziyyət” (Sərxanov), “Köhnə bərə” (raykom katibi) və başqa  filmlərdə işləmişəm. Həcm və xarakter etibarilə fərqli olan surətləri böyük peşəkarlıqla oynayıb. Ümumiyyətlə, onunla çəkiliş meydançasında görüşmək mənə xoş idi. Çəkilişə həmişə hazır gəlirdi və düşüncələrini rahat şəkildə həyata keçirirdi. Ona aid olan epizodları bir dəfəyə çəkirdik. Çox təbii oynayırdı. Çəkiliş məqamında hər hansı qalmaqallı vəziyyət ona yad idi. Rolu necə başa düşürdüsə, elə də çatdırırdı.

“Babək” filmində Xəlifənin dəhşətli xarakterini olduqca inandırıcı yaradıb. Həmin filmdə xüsusi olaraq bir kadr həmişə diqqətimi çəkib. Hamlet Xəlifə obrazında kadrın içindən çıxıb ön plana gələrək tədricən iri planda Babəkin ölüm fərmanını verir. Obrazın Babəkə olan nifrətini psixoloji nüanslarla çatdırır. Filmin ən baxımlı epizodlarından olan bu kadrı həmişə maraqla gözləyirəm və diqqətlə izləyirəm. “Topal Teymur” televiziya tamaşasında da tarixi obrazı dolğun oynayıb. Obrazın xarakterini psixoloji çalarlarla yaşarı çatdırıb. Hamlet Xanızadə böyük sənətkar idi. Təəssüflər olsun ki, aramızdan tez getdi”.

Teatr, kino aktyoru Məhəmməd Verdizadə: “Hamlet Xanızadə ilə ilk tanışlığım “Babək” filminin çəkilişlərində oldu. O vaxt tələbə idim, 19 yaşım vardı. Filmdə Buğday roluna çəkilirdim. Görkəmli sənətkarlar Səməndər Rzayev, Şahmar Ələkbərov, Rasim Balayevlə birlikdə fasilə zamanı kinostudiyanın yeməkxanasında nahar edirdik və fikirlərimizi bölüşürdük. Mən onların hamısına müəllim deyə müraciət edirdim. Amma bu onların xoşuna getmirdi. Deyirdilər, bizə müəllim demə. Mən isə utanırdım və müəllim deməkdə davam edirdim. Hamletin çox fərqli xarakteri vardı. Onun bir dəfə də olsun nə artıq hərəkətini gördüm, nə də yersiz bir sözünü eşitdim.

Hamletin “Babək” filmində yaratdığı Mötəsim rolu qrotesk üslubda yaradılan bir roldur. Mərhum rejissorumuz Eldar Quliyevin obraza uyğun tələbini dolğunluqla yerinə yetirib. Filmə baxanda həmişə düşünürəm ki, Eldar müəllim bu rolu başqasına həvalə etsəydi, bu qədər baxımlı alınmazdı və ondan yaxşı bu rolu kimsə oynaya bilməzdi. Rejissorun və aktyorun istedadından irəli gələn səbəblərdən Mötəsim rolu olduqca uğurlu alınıb.  Hamletin fərdi istedadı Mötəsimi qeyri-adi xarakter kimi təqdim edib. Onun fakturası, üzünün, gözlərinin ifadəsi rolun yadda qalmasına səbəb olub. Hamlet, sözün əsl mənasında, böyük istedad və bacarıq sahibi idi”.

Xalq artisti Həmidə Ömərova: “Hamletlə ilk dəfə “Qızıl uçurum” filminin çəkilişində qarşılaşdım. Buna qədər “Babək” filmində oynadığı Xəlifə Mötəsim rolu məni valeh etmişdi, hafizəmdə dərin iz buraxmışdı. Həmin filmdə Babəkə ölüm fərmanı verdiyi anı heç cürə unuda bilmirdim, hətta deyim ki, ifasından qorxmuşdum da. “Qızıl uçurum” filminin finalında Lütfəli bəyin Şəfiqənin üstünə getdiyi səhnədə də qorxu hissini təkrar yaşadım. Çəkiliş vaxtı o, çox ciddi olurdu, obrazı çox məharətlə oynayırdı. Mən artıq onun ifasını görmüşdüm və obrazı real oynadığının şahidi olmuşdum. Buna görə kamera qarşısında olsa belə, yenə də ondan qorxurdum. Təəssüf edirəm ki, Şəfiqənin Lütfəlinin ölüm səhnəsinə olan reaksiyasını ekranda cüzi görmək mümkün oldu. Amma Hamletin ölüm səhnəsində dəhşətli sifət aldığı məqam uzun müddət gözümün önündən getmədi və mən özümə gələ bilmədim. O, çox realist aktyor idi.

1990-cı ilin 20 Yanvar hadisəsindən sonra Hamlet özünə gələ bilmirdi, həmişə gərgin və kədərli olurdu. Bundan bir müddət əvvəl isə avtomobil qəzası keçirmişdi. Həmin vaxtlarda Gülbəniz Əzimzadənin quruluş verdiyi “Qətl günü” filmində çəkilirdi. Eyni zamanda dublyajda da fəaliyyət göstərirdi. Bu sahədə də xüsusi peşəkarlığı var idi. Birlikdə “İntiqam yanğısı” hind bədii filmində baş rolları səsləndirirdik. Mənfi bir obrazı məharətlə dublyaj edirdi. Baxmayaraq ki, avtomobil qəzası keçirmişdi, səhhətinə diqqət etməli idi. Amma yenə də teletamaşalarda çəkilirdi, “Qətl günü” filmində üç rolu məharətlə canlandırırdı, həmçinin dublyajda çalışırdı. 

O, teatrdan inciyib gəlmişdi. Baxmayaraq ki, kinostudiyanın aktyor heyətində işləyirdi, dublyajda uğurlu fəaliyyəti vardı, filmlərdə, teletamaşalarda çəkilirdi, amma yenə də teatrı istəyirdi. Teatr obrazlarından danışırdı. Bir gün eşidəndə ki, Hamlet rəhmətə gedib, çox pis oldum. O, sənətdə daha böyük uğurlar qazana, yeni-yeni obrazlar yarada bilərdi. Təəssüf ki, dünyasını tez dəyişdi. Allah ona rəhmət eləsin”.

Şəhla ƏMİRLİ
kinoşünas