Çex Respublikasının Plzen Konservatoriyasında təhsil alan Canel Nəcəfliyə “Plzen Orfeyi” (Plzeňský Orfeus) mükafatı təqdim edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, mərasim Bələdiyyə sarayında təşkil olunub. Tədbirdə rəsmilər və “Plzen şəhərinin 700-cü ildönümü” Fondunun nümayəndələri 2020-ci il üzrə klassik musiqi sahəsində uğurlar əldə etmiş ifaçılara “Plzeňský Orfeus” və “Plzeňský Orfeus-junior” mükafatlarını təqdim ediblər.
Adətən bu nüfuzlu mükafata yerli tələbələr layiq görülürlər. İstedadlı skripka ifaçısı Canel Nəcəfli mükafatı alan ilk xarici tələbədir. Onun 2020-ci il nominasiyasında iştirak etməsi Plzen Konservatoriyasının rektoru Miroslav Breyxanın təşəbbüsü ilə baş tutub. Beynəlxalq mükafatlar laureatı olan Canel Nəcəfli hazırda Plzen Konservatoriyasında Roman Fedçukun sinfində oxuyur, həmçinin Bakı Musiqi Akademiyasında Xalq artisti Zəhra Quliyevanın sinfində (qiyabi) təhsil alır.
Qeyd edək ki, ənənəyə görə fevralda keçirilən “Plzen Orfeyi” mükafatının təqdimat mərasimi pandemiya səbəbindən təxirə salınmışdı.