Onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
İyunun 7-də paytaxtdakı Hərbi qənimətlər parkında “Biz Zəfər qazandıq!” Respublika onlayn rəsm müsabiqə-sərgisi qaliblərinin mükafatlandırılması mərasimi olub. Müsabiqə-sərgi Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilib.
Öncə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) rektoru Ömər Eldarov, ADRA-nın prorektoru Səlhab Məmmədov və digər tədbir iştirakçıları müsabiqəyə təqdim edilmiş rəsm işləri ilə tanış olublar.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək istedadlı uşaq və gənclərin aşkar edilməsi, böyüməkdə olan nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, Vətən müharibəsində qazanılan Zəfərin gənc nəslə çatdırılması, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından belə müsabiqələrin əhəmiyyətini vurğulayıb. Nazir müavini qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov və ADRA-nın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən bəhs ediblər. Çıxışçılar mükafatlandırma mərasiminin Hərbi qənimətlər parkında keçirilməsinin önəmini vurğulayaraq qalibləri təbrik ediblər.
Sonra müsabiqə-sərgidə 1, 2, 3-cü və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər təltif olunub, onlara diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, 3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqə-sərgiyə ümumilikdə 1127 rəsm işi daxil olub. İşlər ADRA-nın professorları Ziyadxan Əliyev, Məmmədhüseyn Hüseynov və Rəssamlar İttifaqının üzvü İnna Bəşirova tərəfindən qiymətləndirilib.