Türkiyədə əldə edilən səs yazılarının Məşədi Məmməd Fərzəliyevə aid olduğu müəyyənləşib

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyirmi masa” layihəsinin növbəti toplantısı keçirilib. Layihənin budəfəki mövzusu XIX əsrin sonu – XX əsrin birinci yarısında milli ifaçılıq tariximizdə məxsusi iz qoymuş Məşədi Məmməd Fərzəliyev irsinin araşdırılmasına həsr edilib. Tədbirdə muğam ifaçıları və biliciləri iştirak edib.

Layihənin koordinatoru Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığı haqqında məlumatı diqqətə çatdırıb. Bildirib ki, M.M.Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb.1929-cu ildə Vladiqafqaz, Tiflis və başqa şəhərlərdə, Avropanın bir sıra ölkələrində qastrolda olub, daha sonra Türkiyəyə gedib və ömrünün sonuna, 1962-ci ilə qədər qardaş ölkədə yaşayıb, aktiv musiqiçi həyatı keçirib. Tarzən Hüseyn bəy Qasımla birgə “Azərimüzik heyəti” adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 nəfər xanəndə, aktyor, qiraətçi və sair kimi sənət nümayəndələri toplanıblar. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər.

G.Kazımlı diqqətə çatdırıb ki, bu işdə ilk müraciət etdiyimiz Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşaviri işləmiş mərhum İrfan Çiftçi olub. Onun axtarışları nəticəsində və Azərbaycan Milli Arxiv İdarəsindən Tarix Arxivinin direktoru Aslan Kənanın köməyilə vaxtilə Gəncə Filarmoniyasının direktoru olmuş Şirin Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub tapılıb. Məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət göstərdiyi qeyd edilib. Ünvan İstanbulda Bəyoğlu məhəlləsindədir: “BMM tərəfindən xanəndənin irsinin araşdırılmasına jurnalist və araşdırmaçı Dilqəm Əhməd və Azərbaycanın tanınmış şəxsiyyətlərinin nəsil şəcərəsinin araşdırılması ilə məşğul olan Hafiz Əhmədov da cəlb edilib. Bugünkü tədbirin məqsədi Hafiz Əhmədovun axtarışları nəticəsində xanəndənin ifasında 4 lent yazısının aşkarlanmasıdır”.

Sonra əldə edilən dörd səs yazısı muğam bilicilərinin nəzərinə təqdim edilib.

Əməkdar artist, tarzən Valeh Rəhimov, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov və etno musiqi janrının bilicisi, qaval ifaçısı Mahmud Salah M.M.Fərzəliyevin ifaçılıq xüsusiyyətləri, Azərbaycan muğam sənətində xidmətlərindən söz açıblar. Dinləmələr və müzakirələr, xanəndənin bu günə kimi bəlli olan lent yazılarına istinad və araşdırmaçıların qənaəti ilə təqdim olunan ifaların M.M.Fərzəliyevə məxsusluğu isbat edilib. Mütəxəssislər xanəndənin “Şüştər” muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyduğunu nəzərə alaraq ifalarda M.M.Fərzəliyevə məxsus boğazlardan istifadənin, eləcə də Üzeyir bəy yaradıcılığına müraciəti (xanəndə Azərbaycanda yaşadığı dövrdə opera səhnəsində çıxışlar edirdi) də burada əsas amil kimi dəyərləndiriblər.

Tədbirin sonunda iştirakçılar muğam tariximiz üçün maraqlı tədqiqata görə BMM-in rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, hazırda Məşədi Məmməd Fərzəliyevin Türkiyədəki məzarının axtarışı davam etdirilir. BMM-in elmi tədqiqat xarakterli növbəti layihələrinin nəticəsi ictimaiyyətə təqdim olunacaq.