Nizami Gəncəvinin yaradıcılığı hələ sağlığında sənətkarlar üçün ilham mənbəyinə çevrilmişdi. Ötən əsrlər ərzində onlar dahi söz ustadının bəşəri duyğularla zəngin “Xəmsə”sinə saysız-hesabsız əsərlər həsr etmişlər. Rəssamlar dünyamızın fəlsəfi və poetik şərhini yaşadan Nizami əsərlərini obrazlı təsvirlərlə rövnəqləndirmişlər. Dünyanın müxtəlif guşələrinə səpələnmiş bu sənət incilərinin ən qədimləri el sənətkarları tərəfindən yaradılıb.

Azərbaycan keramika sənəti keçmişimizin qiymətli yadigarı, əsrlərin arxasında gizlənmiş qədim mədəniyyətimizin estetik zənginliyini açmaqda bizə kömək edən maddi sərvətlərdir. Bunu Nizami motivləri əsasında işlənmiş nümunələr də təsdiqləyir. Həmin mövzuya əski dekorativ-tətbiqi sənətdə rast gəlinməsi təsadüfi deyil. Üzərində öz dövrünün tanınmış söz ustadının kəlamı yazılmış məişət əşyasını evinin bəzəyinə çevirmək hər bir adamın arzusu idi. Nizaminin əsərlərindəki məşhur motivlər, demək olar ki, tətbiqi sənətin bütün sahələrinə nüfuz etmişdi. XII əsrin axırlarında Gəncədə hazırlanmış belə əşyalardan ən qədimi Türkmənistanda arxeoloji qazıntılar zamanı üzə çıxarılıb. Hazırda Sankt-Peterburqda, Dövlət Ermitajında qorunan saxsı qabın üzərində “Xosrov və Şirin” poemasındakı hadisələrin ikisi – dəbdəbəli şah məclisi və Şirini atla birlikdə çiyinlərində aparan Fərhad təsvir olunub.

XIII əsrin əvvəllərinə aid nimçə və rəngli kaşının üzərindəki təsvirlərin mövzusunu da “Xosrov və Şirin” poemasının süjetləri təşkil edir. Dekorativ nimçədəki dairəvi kompozisiyada Xosrovun çimən Şirini görməsi, kaşı üzərində isə Xosrovun Şirinin qəsrinə gəlməsi ilə qarşılaşırıq. Hər iki işi geniş bədii ümumiləşdirmə, forma-biçim stilizəsi səciyyələndirir. Nimçənin üzərindəki yazı (Şəmsəddin Həsəni,1210) bizi onun müəllifi ilə tanış edir.

Örənqala qazıntıları zamanı tapılan keramika nümunələri də bədii məziyyətlərinə görə maraq doğurur. Arxeoloqların XIII-XIV əsrlərə aid etdikləri çini qabın mərkəzi sahəsini ov edən Bəhram Gurun möhtəşəm obrazı tutur. Təsvirin səth boyu ritmik düzülüşü nəticəsində ümumi kompozisiyanın dinamikliyi əldə olunub.

Nizami mövzusuna metaldan hazırlanmış əşyalarda da tez-tez rast gəlinir. Misgər əlindən çıxmış müxtəlif maddi mədəniyyət nümunələri sonralar həkkakların əməyi nəticəsində əsl sənət əsərinə çevrilib.

Moskvadakı Dövlət Silah Palatasında saxlanılan qalxan Azərbaycan zərgərlik və metalişləmə ustalarının yüksək sənətkarlığını özündə hifz edir. XVI əsrə aid qalxanın müəllifi təbrizli Məhəmməd Mömindir. Tədqiqatçıların fikrincə, qalxan əvvəlcə Romanovlar sülaləsindən ilk rus çarı Mixail Fyodoroviçdə, sonra isə knyaz Fyodor Mstislavskidə olub, ən nəhayət, rus çarlarının xəzinəsinə düşüb. Poladdan döyülmüş qalxanın üzəri xatəmkarlıq üsulunda qızılla bəzədilib. Onun səthini bütövlükdə Şərq aləmində əbədiyyət rəmzini andıran ov və müharibə səhnələri, heyvanat aləmindən götürülmüş 42 zolaq təşkil edir. Buradakı bir neçə süjetli kompozisiya arasında “Leyli və Məcnun” poemasındakı sevgililərin görüşü səhnəsi çox ifadəli və baxımlıdır.

El sənətkarları digər məişət əşyalarının bəzədilməsində də “Xəmsə” motivlərindən istifadə etmişlər. Məhəmməd Kərim Şirvaninin (XVIII əsr) hazırladığı süjetli güzgünün qapaqlarında poemaların yaddaqalan səhnələri təsvir olunub.

Nizami mövzusu qədim xalça və parça sənətində də geniş yayılıb. Şairin özü də əsərlərində əhalinin toxuculuqla məşğul olduğunu qeyd edib. Nizaminin 800 illik yubileyi ərəfəsində onun qəbrində aparılan qazıntı işləri zamanı tapılan naxışlı parça hissələri XII əsrə aid nümunələr haqqında müəyyən təsəvvür yaradır.

Bizim dövrə gəlib çatmış parça nümunələrinin əksəriyyəti isə XVI-XVII əsrlərə aiddir. Onlardan biri Fransada şəxsi kolleksiyada saxlanılır. Qırmızı yerlikli ipək parçadakı təsvirlər bizi “Leyli və Məcnun” poemasının qəhrəmanları ilə qarşılaşdırır. Sevgililərin görüşü at, dəvə, cüyür və ağacların əhatəsində verilib. Həmin poemaya həsr olunmuş qədim parçalardan biri Londondakı Viktoriya və Albert Muzeyində, gümüşü yerlikli məxmər isə Moskva Dövlət Tarix Muzeyindədir.

İran sənətkarı Qiyasəddin Əlinin XVII əsrin əvvəllərində “Xəmsə” mövzusunda toxuduğu parçalar Belçika və Fransadadır. Parçalardakı təsvirlərin bədii şərhi, ifadə vasitələri Təbriz miniatür məktəbi ənənələri ilə səsləşir.

XVI əsr Təbriz sənətkarının üzərində “Xosrov və Şirin”dən əxz etdiyi süjetli parça İstanbuldakı Topqapı Muzeyində saxlanılır. Həmin parçalar yüksək sənətkarlıq nümunəsi hesab olunur, toxunuşuna görə heyrətamiz sayılır.

Moskvadakı Dövlət Silah Palatasının kolleksiyasını bəzəyən bədii parça da XVI  yüzillikdə toxunub. Onun miniatür ruhlu süjetini İsgəndərlə əjdahanın mübarizəsi təşkil edir.

Xalçalarımız solmaz boyalarına, ecazkar çeşnilərinə görə ta qədimdən Azərbaycana dünya şöhrəti gətirib. Onun müxtəlif növləri haqqında şairin “İsgəndərnamə”sindən məlumat almaq mümkündür. Şair İsgəndərin Bərdəyə yürüşündən söz açarkən yerli sənətkarların toxuduqları xalçaların adını çəkir. Onların arasında Nizami duyğularının ilmələrdə əbədiləşdiyi xalçalar da az deyil. El sənətkarlarının bu mövzuya marağını onların şairə ehtiramı kimi qəbul etmək olar. Ola bilsin ki, vaxtilə Nizami motivli xalçalar ticarət üçün sərfəli olub. Azərbaycanda toxunan, yüksək ilmə sıxlığı ilə seçilən xalçalar təsvirli süjetlərə miniatürsayağı obrazlı görkəm vermək üçün daha əlverişli idi. Belə maraqlı sənət nümunələrindən biri Paris Dekorativ Sənətlər Muzeyində saxlanılır.

XVI əsrdə toxunan xalçada Xosrovun çimən Şirini görməsi epizodu və Leyli ilə Məcnunun səhrada görüşü əks olunub. Şaquli kompozisiyanın sol tərəfində yuxarıdan aşağı yerləşdirilən dörd süjet sağ tərəfdə güzgü əksində olduğu kimi təkrarlanır.

“Leyli və Məcnun” mövzulu Kaşan xalçası (XVII əsr) isə çoxdandır Luvr Muzeyinin (Paris) bəzəyinə çevrilib.

Bizim muzeylərdə də yüksək bədii dəyəri olan xalçalar az deyil. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 1809-cu ildə toxunmuş “Leyli və Məcnun” xalçasını hadisələrin dekorativ və primitiv görkəmli şərhi səciyyələndirir. Burada həm insan, həm də heyvan və ağac təsvirləri bir səth boyunca düzülsə də, onların üst-üstə sıralanma prinsipinə əsaslanması bütün təsvirləri aydın görmək üçün şərait yaradır. Həmin muzeydə saxlanılan eyni mövzulu digər xalçada (XIX əsr) da poemanın məna-məzmun daşıyıcıları olan obrazlar və müxtəlif motivlər öz əksini tapıb.

Xalq yaradıcılığı nümunələrində əksini tapmış Nizami motivləri, qədim dekorativ-tətbiqi sənətimizdəki mövzu zənginliyini əks etdirməklə yanaşı, ondakı bədii-estetik məziyyətlərin dəyişkənliyini, inkişafını izləməyə imkan verir. Ən başlıcası isə, dahi şairimizə böyük el məhəbbətini nümayiş etdirir.

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor